Azərbaycan millisi tarixinin ən yaxşı seriyasına imza atıb.
Apasport.az saytının məlumatına görə, yığmamız ardıcıl iki qələbə qazanıb.
Canni de Byazinin yetirmələri Millətlər Liqasının IV turunda Belarusu 2:0, Slovakiyanı 2:1 hesabı ilə üstələyib. Bu, millimizin tarixində rəsmi xarakterli yarışlarda ikinci ikioyunluq seriyadır.
Bunadək komandamız yalnız bir dəfə seçmə mərhələ və ya Millətlər Liqasında qələbəli oyunları sıralayıb. DÇ-2018-in seçmə mərhələsində uğurlu seriya yaşanıb. 2016-cı ilin sentyabrında San-Marinonu səfərdə, Norveçi evdə məğlub edən komandamız iki dəfə 1:0 hesabı qalib gəlib.
Lakin 6 il sonra, yenidən sentyabrda yaşanan seriya daha sanballıdır. Çünki iki oyunluq seriyanın top fərqi artıq 2-0 deyil, 4-1-dir. Bu üzdən indi yaşanan iki qələbəlik ardıcıllıq milli tarixində ən yaxşısıdır.
Üstəlik, rəqiblərin də gücünü nəzərə almalıyıq. San-Marino və Norveç cütlüyü ilə müqayisədə Belarusla Slovakiya daha üstün hesab olunur.
Lakin tarixi seriya hələ bitməyib. İki gündən sonra millimiz Qazaxıstanı qəbul edəcək. Oyunun evdə baş tutması və qrup qalibinin 1-ci yeri təmin etməsi komandamızın xeyrinə işləyə bilər. Millinin oyundan –oyuna artırması, üstəlik qeyd olunan səbəblərdən Canni de Byazinin yetirmələri ardıcıl 3-cü qələbəni də bayram edə bilər.
Qeyd edək ki, komandamız Millətlər Liqasının C liqasının 3-cü qrupunda ikinci pillədə qərarlaşıb.