“Toplanışa oktyabrın 2-də başlasaq da, yalnız son məşqi tam heyətlə keçirdik”.
Apasport.az xəbər verir ki, bunu futzal üzrə millimizin baş məşqçisi Vitali Borisov deyib.
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində növbəti oyununu oktyabrın 6-da keçirəcək yığmamızın çalışdırıcısı azfutzal.az-a açıqlama verib. Gənc mütəxəssis Qazaxıstanla matçın hazırlığını dəyərləndirib: “Ölkə xaricində çıxış edən legionerlərimizin gəlişindən sonra əsasən taktiki planda çalışmalara yer ayırmışıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız bu oyunu gözləyirik. Sevindirici məqam odur ki, komandada zədəli və cəzalı yoxdur”.
Borisov Qazaxıstan yığması barədə də danışıb: “Rəqib çox təcrübəli futzalçılardan qurulub. Onlar da dəfələrlə dünya və Avropa çempionatlarının final mərhələsində iştirak ediblər. Fərdi bacarığına görə seçilən futzalçıları var”.
Mütəxəssis qələbə istəyini gizlətməyib: “Hər iki komanda meydana qələbə üçün çıxacaq. Bizi maraqlı qarşılaşma gözləyir.
Doğma meydan amilindən istifadə etmək istəyirik. Bunu da bizə hiss etdirəcək qüvvə azarkeşlərimizdir. Onları tribunaya səsləyirik. Gəlsinlər, dəstəkləsinlər, oyunçularımız da onlardan güc-qüvvət alsın”.
Baş məşqçi yığmadakı dəyişikliklərə də toxunub: “Heyətlə bağlı müəyyən dəyişiklik etmişik. Komandaya iki yeni futzalçı qoşulub. Qabriel illər əvvəl komandamızda oynayıb. Təcrübəli futzalçıdır. Murad Quluzadə isə “Baku Fire”in üzvüdür. Çempionat oyunlarında xoş təsir bağışladı. Buna görə də milliyə dəvət etdik. Hər ikisinin ümidlərimizi doğruldacağına inanırıq”.
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan milliləri arasında oyunlar oktyabrın 6-da Bakıda, 5 gün sonra Astanada keçiriləcək.