Azərbaycan millisinin veteran futbolçusu İlham Yadullayev apasport.az saytına müsahibə verib.
- Adrian Mutu "Neftçi"nin baş məşqçi postundan getdi, əvəzində Miodraq Bojoviç gəldi. Mutunun istəniləni verə bilməməsi, komandanın baxımlı və effektiv oyun sərgiləyə bilməməsinin səbəbi nə idi?
- Baş məşqçi dəyişikliyi hardasa gözlənilirdi. Çünki "Neftçi"nin oyunu o səviyyədə deyildi. Düzdür, yaxşı oyun göstərdikləri də var idi. Amma elə matçlar da olurdu ki, çox zəif çıxış edirdilər. Əsas problemlərdən biri də, komandanın stabil oyun göstərməməsi idi. Demək olar ki, " Neftçi"də hər oyunda dəyişiklik baş verirdi. Stabil heyətləri də yox idi ki, hansının üzərində yaxşı oyun qurmaq olar. "Neftçi" kimi komanda hər zaman yaxşı və dominant futbol oynamalıdır. Ona görə də, çox güman ki, "Neftçi" rəhbərliyi də bunu görüb, Adrian Mutu ilə yollarını ayırdılar və yerinə yeni baş məşqçi gətirdilər. Uğurlu və xeyirli olsun.
- Miodraq Bojoviçin rəhbərliyi altında "Neftçi"nin istəniləni verəcəyi, baxımlı və effektiv oyunu sərgiləyəcəyinə inanırsan?
- Komanda hazırda Antalyada toplanışdadır. Yoxlama görüşü də keçiriblər. Çətin olacaq. Mətbuatdan oxuduğuma görə, yeni məşqçi Rusiyada çalışıb. Çox komanda dəyişib. Vaxt lazımdır. Zaman hər şeyi göstərəcək. Yayda "Neftçi"də kifayət qədər transferlər edilmişdi. İndi yeni transferlər olacaq, ya yox onu bilmirəm. Amma nəsə dəyişiklik olmalıdır.
- Uzun illər Rusiyada müxtəlif klublarda çalışmış monteneqrolu mütəxəssis haqda fikrin necədir? Yəqin ki, onun haqda məlumata sahibsən. Səncə, Bojoviç "Neftçi"də hansı oyun stilinə üstünlük verməlidir?
- Bojoviç "Neftçi"yə gəlibsə, ən azından klubun tarixini bilməlidir. Bu komanda hər zaman çempionluğa və ölkə kubokunu qazanmağa oynayır. Avrokuboklara çıxıb, orada nəticə göstərmək istəyirlər. Ən vacib odur ki, " Neftçi" kimi komanda dominant oynamalıdır. Rəqibin kimliyindən asılı olmayaraq, "bir nömrə" ilə oynamaq lazımdır. Hansı üslubda oynayacaqları isə baş məşqçinin öz qərarıdır. Bojoviçin öz fəlsəfəsi var və güman edirəm ki, bunu tez bir zamanda komandaya oturdacaq.
- "Ağ-qaralar" Aaron Olanareni göndərdi. Yayda böyük ümidlərlə gətirilsə də, heç nə verə bilmədi. Olanarenin "Neftçi"də effektsiz oynadığı ilə razısan? Gözləyirdin ki, onu göndərəcəklər?
- Bəli, Olanareni böyük ümidlərlə gətirmişdilər. Amma özünü doğrultmadı. Çox güman ki, "Neftçi" rəhbərliyi də ondan istəniləni ala bilməyib deyə, yollarını ayırıblar.
- "Neftçi"nin kadr baxımından yenilənməyə, yeni futbolçulara ehtiyacı olduğunu düşünürsən? Daha çox hansı mövqelərri gücləndirməlidirlər?
- "Neftçi" yayda çoxlu transferlər etdi və hamısı da böyük ümidlərlə gətirilmişdi ki, nəsə edə biləcəklər. Baş məşqçi dəyişib. Bəlkə Mutu bu futbolçuları motivasiya edə bilmirdi. Heyətdə hər zaman dəyişikliklər olurdu. Yəqin ki, Bojoviç stabil heyət quracaq və o heyətin üzərində də oyun oturdulacaq. "Neftçi"də kifayət qədər oyunçular var. Özü də, keyfiyyətlidirlər. Sadəcə olaraq, yerli oyunçulardan çox istifadə edilməli, şans verilməlidir.
- Maraqlıdır ki, Bojoviçin qarşısında ölkə kubokunu qazanmaq hədəfi qoyulub. Səncə, o, bunu edəcək? Necə düşünürsən, Bojoviç kuboku qazandırarsa, postunda qalacaq?
- Bojoviçin qarşısına kuboku qazanmaq hədəfi qoyulması təbiidir. Çünki Premyer Liqada çempion olmağı "Qarabağ" əldən buraxmayacaq. Ən realı elə kubok qazanmaqdır. Amma bu o demək deyil ki, çempionatda zəif oynayıb, sırf məqsədləri kubokda uğurlu olub, onu qazanmaq olsun. Premyer Liqada maraqlı oynasalar, kuboku da qazana bilərlər. İnanıram ki, qış fasiləsindən sonra "Neftçi" baxımlı oynayıb, nəticə verəcək.
- "Qarabağ" isə "Neftçi"dən fərqli olaraq Azərbaycanda qalaraq, Bakıda hazırlaşacaq. Aleksey İsayevi də heyətlərinə qatdılar. Səncə, İsayevin "Qarabağ"a qatqısı nə qədər olacaq? "Qarabağ"da transferlərin davam edəcəyini gözləyirsən ?
- "Qarabağ" artıq oturuşmuş komandadır. Sırf Azərbaycan çempionatı üçün səviyyəli yerli və legioner oyunçuları da var. Aleksey İsayevi heyətə qatmaq da, böyük qüvvə deməkdir. Millinin də üzvüdür. Kənardan baxıb deyirik ki, bəlkə də transferlər kifayətdir, heç kim lazım deyil. Amma Qurban Qurbanov özü bilir, hansı mövqeyə kimi gətirmək lazımdır. Pley-off mərhələsində kömək edəsi oyunçu olmalıdır. Çempionatımız üçün isə kifayət qədər keyfiyyətli oyunçuları var ki, çempionluğu qazansınlar.
- "Qarabağ"a bu mövsüm Premyer Liqada rəqib olmadığını düşünürsən? Səncə, niyə heç bir rəqib onlarla başabaş mübarizə apara bilmir?
- Deməzdim ki, Premyer Liqada "Qarabağ"a rəqib yoxdur. Hamısı rəqibdir, hər biri "Qarabağ"a qarşı ikiqat motivasiya, ikiqat qüvvə ilə oynayır. Əlbəttə ki, "Qarabağ"la oyunda 3 xal qazanmaq hər bir komanda üçün sevindiricidir, hamı səni tərifləyəcək. Onlarla heç-heçə etmək də yaxşı nəticədir. Böyük hesabla məğlubiyyət yoxdursa, "Qarabağ"a minimal hesablı məğlubiyyətə görə, heç kim səni qınamır. Bugünkü gündə "Qarabağ"ın oyun və oyunçu keyfiyyəti Azərbaycan üçün yüksək səviyyədədir. Hətta Avropada da dəfələrlə bunu sübut edib. Hamısında da Qurban Qurbanovun böyük əməyi var.