Futbol üzrə ABŞ çempionatında (MLS) yeni qaydalar tətbiq olunacaq.
Apasport.az xəbər verir ki, MLS rəhbərliyi növbəti mövsümdən liqada istifadə olunacaq yeni qaydaları təsdiqləyib.
Onlardan bəziləri oyunçuların sağlamlığının qorunmasına yönəlib. Bəziləri isə vaxt gecikmələri ilə mübarizə aparmağa kömək edəcək.
Məsələn, dəyişdirilən oyunçunun meydanı tərk etməsi üçün tələb olunan zaman 10 saniyə olaraq müəyyən olunub. Əks halda, əvəzetmədən meydana girəcək futbolçu 1 dəqiqə daha kənarda gözləməli olacaq. Bu qaydanın istisnaları yalnız futbolçunun və onu əvəz edən qapıçının zədələnməsi ilə bağlı hallara şamil edilir.
Zədəli futbolçu 15 saniyədən çox yerdə qalarsa, hakim oyunu dayandırıb həkimləri çağıracaq. Həkimlər iki dəqiqə ərzində futbolçunun vəziyyətini yoxlayacaq, lazım gələrsə onu meydandan çıxaracaqlar. İstisnalar mümkün kəllə-beyin travması, qapıçının zədələnməsi, xəbərdarlıq və ya meydandan qovulma ilə bağlı qaydaların pozulması hallarına aid ediləcək.
Qeyd edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) icazə verərsə, videohakimlərin (VAR) verdiyi qərarlar hakim tərəfindən stadiondakı azarkeşlərə və televiziya tamaşaçılarına da elan ediləcək.