"Qarabağ"ın futbolçusu Musa Qurbanılı Premyer Liqanın sonuncu – XXXVI turunun "Turan Tovuz"la matçından (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az saytının məlumatına görə, o, çempionluqlarını şərh edib və gələcək planlarını açıqlayıb.
- Mövsümü Qarabağ üçün necə dəyərləndirirsən? Çox çətin keçdi?
- Hər mövsümün çətinliyi var. Asan mövsüm olmur. Biz nə qədər qələbə qazansaq, kənardan asan görünə bilər. Hər mövsümün, qələbənin çətinliyi var. Burada illik əziyyətimiz var. Qalib gəlirik, amma məşqdə çəkdiyimiz əziyyətlər görünmür. Heç bir mövsümü bir-birindən ayırmıram. Çünki hamısında məşqçilərin, futbolçuların, işçilərin, hamısının böyük əziyyəti var. Ona görə də, hər il çempion olanda böyük sevinc yaşayırıq. Bu mövsüm “Sabah” bir az çətinlik yaşatdı. Bu da bizi sevindirir ki, elə komandamız var, inkişaf edir. İstəyərdik ki, bütün klublarımız çox imkişaf etsin, çox maraqlı çempionatımız olsun. Bu bizi inkişaf etdirər.
- Bombardirli mübarizəsi k Ramillə sənin aranda gedirdi. Birinci olmadığına görə üzülmədin ki?
- Hər oyun qol vurmaq istəyirəm. Elə oyun olmayıb ki, qol vurmaq istəməyim. Bu da onlardan biri idi. Kim istəməz ki, bombardir olsun? Amma çox məyus olmuram. Çünki 21 qol vurdum, bombardir də özümüzünkü oldu, kənar adam olmadı. Çox sevindim. Əlimdən gələni etdim.
- Bu yayda Avropaya gedişin baş tuta bilər?
- Hələ ki, bu haqda dəqiq qərar verilməyib. Çempionatın bitməsini gözləyirdik.
- Son qərarı özün verəcəksən, yoxsa Qurban Qurbanov?
- İkimiz bir yerdə qərar verəcəyik. Nəticədə gedib oynayası olan mənəm. Amma atamın da qərarı olmadan addım atmaram. Əlbəttə ki, onunla məsləhət olunacaq. Çünki atamın həyatda və futbolda təcrübəsi məndən qat-qat çoxdur.
- "Qarabağ"da qalsan, yeni mövsümdə səni komandanın əsas hücumçusu kimi görə bilərik?
- Bunu mən deyə bilmərəm. Mənim işim meydana çıxıb oynamaqdır. Onu zaman göstərəcək.
- Başa çatan ölkə çempionatında 21 qol vurdun, amma avrokuboklarda qolun yoxdur. Bu tramplini nə vaxt aşacaqsan?
- Ölkə çempionatında 30-dan çox oyunum var. Avrokuboklarda isə demək olar 2 matçda oynamışam. Oynadıqca düzələr.
- "Zaltsburq", "Poqon" klubları ilə adın hallanır. Təkliflər realdır?
- Təklifi kluba göndərirlər, mənim özümə yox. Rəsmi təklif olsa, yəqin ki, xəbərimiz olar. Maraqlananların olması normaldır. Çünki, gənc futbolçunun nəticəsi varsa, maraqlanan olur. Mən bunu ümumi məlumat olaraq bilirəm.