Nağıyev: “Bu, məni Azərbaycan millisinə aparsa, xoşbəxt olaram” - MÜSAHİBƏ
15.03.2023 - 17:46
Nağıyev: “Bu, məni Azərbaycan millisinə aparsa, xoşbəxt olaram” - MÜSAHİBƏ

Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Dmitri Nağıyevin apasport.az saytına müsahibəsi

- Şərəfini qoruduğun “İnqulets”də işlər necədir?
- Qız toplanışımız əla keçdi. Çempionata yaxşı hazırlaşmışıq. Çünki bilirik ki, əla mübarizə gedir. Hər oyunda baş verəcək adi səhvlər, konsentrasiya problemi uğursuzluğa gətirib çıxara bilər. Komanda çox yaxşı gedir.

- Ötən turda assistlə yadda qalmışdın. Özünü necə hiss edirsən?
- Uşaqlıqdan Ukrayna çempionatında oynayıram. Bu, mənim üçün ilk və ya yad deyil. Çalışıram ki, komandaya kömək edim. 

- Ukrayna çempionatındakı uğurlu çıxışının səni Azərbaycanın əsas millisinə gətirəcəyini düşünürsən?
- Əlbəttə, bunu çox istəyirəm. Mən komandama kömək olmağa çalışıram. Əgər bu, məni Azərbaycan millisinə aparıb çıxarsa, xoşbəxt olaram.

- Buna inanırsan?
- Əlbəttə. Çünki Ukrayna çempionatında çıxış edirəm. Burada isə oynamaq heç də asan deyil. Mən isə bütün matçlarda stabil olaraq meydana çıxıram. Azərbaycanın əsas millisində oynamağı çox istəyirəm. Çünki azərbaycanlıyam və yığmada oynamaq məni xoşbəxt edərdi.

- Yığma bu ay AVRO-2024-ün yeni tsiklinə başlayır. Avstriya və İsveçə qarşı matçlar var...
- Bəli, bilirəm. Milliyə uğurlar arzulayıram. Ümidvaram ki, yığma komanda hər iki görüşdə də müsbət nəticə qazanar. Buna inanmaq olar. Çünki son beş görüşdə qələbə qazanmağı bacarıb. Doğrudur, Avstriya və İsveç güclü rəqiblərdir. Lakin millimizə inanmaq lazımdır. Hər halda, yığmada mən də yer alsam, əlimdən gələni edəcəm.

- Ukrayna çempionatında tək azərbaycanlı sən deyilsən. Emil Mustafayev də “Aleksandriya”da uğurlu çıxış edir...
- Bəli, Emilin çıxışı da məni sevindirir. “Aleksandriya”da yaxşı işlər görür. Ümidvaram ki, o, əsas heyətdəki yerini qoruyacaq və əla performansını davam etdirərək, komandasının əsas oyunçularından birinə çevriləcək. Yaxşı futbolçudur. 

- Onun Ukrayna millisinə cəlb oluna biləcəyi deyilirdi. Bu barədə fikrin necədir?
- Mən də mətbuatdan oxumuşdum. Ancaq bu, onun cavab verəcəyi məsələdir. Mənim nəsə deməyim doğru deyil. 

writer photo
Əlirza Əlirzalı
0