“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Nant” Fransa çempionatını daha üstün tutur.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu Liqa1 təmsilçisinin baş məşqçisi Antuan Kombuare deyib.
59 yaşlı çalışdırıcı bildirib ki, oktyabrın 27-də “Qarabağ”la keçiriləcək qarşılaşma onlar üçün ikinci plandadır. Çünki fransızlar bütün diqqətlərini ayın 30-da Liqa1-in XIII turunda “Klermon”la baş tutacaq ev oyununa yönəldiblər: “İlk olaraq Avropa Liqasında “Qarabağ”la matçı düşünürük. Bu, bizə irəliləmək imkanı verəcək. Evdə vacib oyundur. Ancaq bizim üçün ən önəmlisi çempionatdır. Həftəsonu “Klermon”u qəbul edəcək. Geridönüş etmək üçün kifayət qədər gücümüz var. Hədəfimiz “Klermon”u məğlub etməkdir”.
Qeyd edək ki, Nantda keçiriləcək “Nant” - “Qarabağ oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Hazırda “Qarabağ” 7 xalla qrupda ikinci, “Nant” isə 3 xalla üçüncü pillədə qərarlaşıb.