O qədər də uğurlu mövsüm keçirməyən “Neftçi” qış fasiləsində heyətində dəyişikliklər edəcək.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi, xüsusən də, qapıçıların çıxışından narazıdır.
Mövsümün ilk 13 matçında 14 qol buraxan vitse-çempion dövrələrarası fasilədə qapı xəttini gücləndirmək qərarına gəlib. Əvəzində xorvatiyalı İvan Brkiçlə yollar ayrılacaq. Yayda “ağ-qaralar”a qoşulan və çempionatda keçirdiyi 5 oyunda 7 top buraxan qolkiperə rəhbərlik özünə klub tapmaq tapşırığı verib. 27 yaşlı qapıçı başqa komanda ilə anlaşa bilsə, “Neftçi” yanvarda onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verəcək.
Brkiçlə yanaşı, Mamadu Mbodj, Vato Arveladze, Gilyerme Pato, Sezar Meza Kolli və Yeqo Boqomolski də klub rəhbərliyinin ümidlərini doğrultmur. Ancaq qışda köklü islahatın aparılması gözlənilmir. Yalnız yeni transferlər mümkün olarsa, Mbodj və Arveladzenin ayrılması nəzərdən keçiriləcək. Pato ilə Yeqomolski isə ən yaxşı halda oyun praktikası toplamaları üçün icarəyə verilə bilər.
Qeyd edək ki, İvan Brkiçin “Neftçi” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.