Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.
Apasport.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq püşkatmadan öncə komandaların mümkün rəqiblərinin sayı azalıb.
Azərbaycan təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqiblərinin sayı 4-ə düşüb. “Neftçi” turu keçsə, PAOK (Yunanıstan) – “Beytar” (İsrail), “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya), “Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya) cütlərinin qalibi və ya “Alkmaar”la (Niderland) görüşə bilər.
“Qəbələ”nin mümkün rəqibləri “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq), “Hapoel” (Beer-Şeva, İsrail) – “Panevezis” (Litva), “Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa) cütlərinin qalibi və ya “Dinamo” (Kiyev, Ukrayna) klubudur.
“Sabah” mərhələ adlasa, “Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova), MOİK (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya) cütlərinin qalibi və ya “Partizan” (Serbiya), “Rapid” (Avstriya) klublarından biri ilə görüşəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 10-da və 17-də keçiriləcək.