"Neftçi"nin baş məşqçisi: "Sabah" - "Qarabağ" oyununda heç-heçə bizə sərf edər" - MÜSAHİBƏ
12.11.2022 - 20:41
"Neftçi"nin baş məşqçisi: "Sabah" - "Qarabağ" oyununda heç-heçə bizə sərf edər" - MÜSAHİBƏ

“Azarkeşlər üçün yaxşı mübarizə oldu, açıq oyun getdi".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının XIV turunda “Qəbələ” ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı çalışdırıcı yetirmələrinin 2:0 hesabı ilə qalib gəldiyi görüşdəki performansını dəyərləndirib: "Rəqib bizə qarşı çox sərt oynayırdı. Bu mənim üçün sualdır. Evdə çıxış etsək də, rəqib gəlib burada bizdən aqressiv oynayırdı. Əvəzində futbolçuları sarı vərəqə alan komanda da biz idik. "Qəbələ"nin 2-3 yüz faizlik şansı oldu. Bizim də qol imkanlarımız oldu. Oyunu daha tez bitirməli idik".

- Komandanızın qeyri-stabil nəticələr göstərməsi nə ilə bağlıdır?
- "Sumqayıt"la oyundakı bərabərlik təsadüf idi. Biz də üzülürük, çünki orada 2 xal itirdik. Hər oyunda qələbə qazanmağa çalışırıq. Hazırda zədəli oyunçularla bağlı problemlərimiz var. Başqa seçimimiz yox idi. Bu gün Kenni Sayefi də növbəti matç üçün itirdik. Mamadu Mbodjun da durumu qeyri-müəyyəndir. Həmçinin Eddi İsrafilovla Azər Əliyevin bizə nə zaman qoşulacağını bilmirik. Qış fasiləsində komandanı daha da gücləndirəcək oyunçular gətirməyə çalışacağıq. Əminliklə deyə bilərəm ki, qış fasiləsindən sonra daha güclü olacağıq.

- Qələbə qazansanız da, məyus görünürsünüz. Səbəbini öyrənmək olar?
- Məyusluq ondan irəli gəlir ki, çox qol şanslarından yararlana bilmirik. Daxilən sevinirəm. "Qəbələ"nin yaratdığı epizodlar hər an ağlımdan keçir. Bəzi epizodlar var idi ki, onlar olmamalıdır. Eyni zamanda özümüzün yaratdığımız şanslar var idi ki, düzgün qərarlar verə bilmədik. Bu da fikrimdən çıxmır.

- Qodsvey Donyo etimadınızı tam doğruldur?
- Hazırda əlimizdə olan futbolçuların hamısı qızıl kimidir. Dəyişə biləcəyimiz bir şey yoxdur. Konkret Donyonu soruşursunuzsa, deyə bilərəm ki, bu gün döyüşdü, mübarizə apardı. Göstərdiyi əzmkarlıq, meydançadakı davranışı mənə növbəti matç üçün ümid verdi.

- Bir gün sonra "Qarabağ"la "Sabah" üz-üzə gələcək. Həmin görüşdən hansı nəticə gözləyirsiniz?
- Son oyuna qədər mübarizə aparacağıq. Xal fərqi məni maraqlandırmır. Biz "Qarabağ"a və ya hansısa komandaya fikir verməli deyilik, öz problemlərimizi aradan qaldırmalı və güclü komanda qurmalıyıq. Bizim üçün indi vacib olan amil ikinci yeri qaytarmaqdır. Əlbəttə ki, heç-heçə olsa, bizə sərf edər. Amma bunun mümkünsüz olduğunu düşünürəm. Çünki hər iki komanda açıq oyun göstərəcək, qələbə qazanmağa çalışacaq.

writer photo
Əlirza Əlirzalı
0