"Matçın çətin keçəcəyini gözləyirdik. Çox yaxşı rəqibə qarşı oynayacağımızı da anlayırdıq”.
Bunu apasport.az saytına "Neftçi"nin serbiyalı futbolçusu Voyislav Stankoviç deyib.
Misli Premyer Liqasının XX turunun "Zirə" ilə görüşündə yeganə qola imza ataraq komandasına qələbə qazandıran təcrübəli müdafiəçi matçla bağlı fikirlərini açıqlayıb. O bildirib ki, qarşılaşmaya ciddi və yaxşı hazırlaşıblar: "Zirə" yaxşı kollektiv və futbolçulara sahib olan güclü komandadır. Bizim üçün qol vurmaq çətin idi. Əslində, açıq futbol gedirdi. Sadəcə, qol vurmağa nail olduq”.
Stankoviç üç xal gətirən qolun müəllifi olmasından da danışıb: “Standart vəziyyətdən qolumuzu vurduq. Cari mövsümdə ilk dəfə fərqləndiyimə görə sevinirəm. Həmin qolun "Neftçi"yə qələbə gətirdiyinə görə daha çox şadam. Ümidvaram ki, bundan sonra daha bir neçə qol vuracam. Hər halda, bu, kollektivin qələbəsi idi, birlikdə işlədik, çalışdıq”.
Legioner çempionatın qarşıdakı oyunları barədə də iddialı danışıb: "Biz hər zaman meydana uğurlu nəticə üçün çıxırıq. Yaxşı futbol da oynamağa çalışırıq. Bəzən alınır, bəzən tam alınmır. Futboldur da... Əsas odur ki, "Zirə" ilə görüşdə qələbə qazandıq və yolumuza davam edirik. Qarşıda oyunlar çoxdur və heç biri asan olmayacaq. Biz mübarizəmizi davam etdiririk və uğurlu nəticələr istəyirik".
Qeyd edək ki, “Zirə”yə 1:0 hesabı ilə qalib gələn “Neftçi” XXI turun “Sumqayıt”la görüşəcək.