“Neftçi”nin sabiq braziliyalısı: “Onun arxasında təkcə pul dayanmır” - MÜSAHİBƏ
03.01.2023 - 17:17
“Neftçi”nin sabiq braziliyalısı: “Onun arxasında təkcə pul dayanmır” - MÜSAHİBƏ

“Neftçi”nin sabiq forvardı Tyaqo Bezerranın apasport.az saytına müsahibəsi

- Səudiyyə Ərəbistanında işlərin necə gedir? Formasını geyindiyin "Al-Orobah"da hər şey ürəyincədir?
- Hər şey yaxşı gedir. 12 matçda 11 qol vurdum. Doğrudur, komandam çempionluqdan bir az uzaqdır. Amma mübarizəmizi davam etdiririk. Superliqaya çıxmaq istəyirik. Qarşıda çox oyun var. İlk dövrənin sonuna 3 matç qalıb. Sonradan  20 oyunumuz ola bilər. Hər şeyi edə bilərik. Çünki çox yaxşı heyətə malikik.  Ümumilikdə hər şey yaxşıdır, oyunumuz da var.

- Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubu Kriştiano Ronaldonu transfer etdi. Bu orada çox maraqla qarşılandı?
- Bəli, indi danışılan sadəcə tək bir şey var. O da Kriştiano Ronaldonun “Əl-Nəsr”ə gəlməsidir. Düzünü deyim, özüm üçün sürpriz oldu. Çünki Ronaldonun Səudiyyə Ərəbistanına gələcəyini gözləmirdim. Çünki onun bu tip ölkələrə gəlməyəcəyini deyirdilər. Ən pis halda Portuqaliyaya qayıdacağını gözləyirdim. Bəlkə də arxasında çox şeylər var. Fikrimcə, bu transferin arxasında təkcə pul dayanmır. Konkret desəm, Ronaldonun Səudiyyə Ərəbistanına gəlməsi mənim üçün böyük sürpriz oldu.

- Səncə, Ronaldonun "Əl-Nasr"a keçidi Səudiyyə Ərəbistan çempionatına marağı artıracaq?
- Ronaldonun buraya gəlməsi ölkə üçün böyük reklam oldu. Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi etmək istəyir. Bunun da təsiri var. Ronaldo bura gəlibsə, turizm baxımından ölkə “partlayacaq”. Futbol və turizm baxımından təsiri yüksək olacaq. Ola bilər ki, ölkədə çox şey dəyişəcək. Hər halda, Ronaldodan danışırıq. Tarixin ən böyük oyunçusudur. Bu zamanlara qədər ondan daha yaxşısı yoxdur. Doğrudur, Lionel Messi və başqa oyunçular da var. Amma Ronaldo xüsusi biridir. Bu mənada, onun Səudiyyə Ərəbistanına gəlməsi ölkə üçün də böyük addımdır.

- "Neftçi" və Azərbaycan çempionatını izləyirsən? 
- Hər matçı deyil, amma derbi oyunlarına baxıram. Hər zaman “Neftçi” diqqətimdədir. Orada çox dostum da var. Bu mövsüm daha yaxşı olacağını gözləyirdim. Çünki “Qarabağ”, “Neftçi” və “Sabah” kimi yaxşı komandalar var. Liqada daha çox matç baş tutacaq. İlk dövrə də başa çatıb. Hər şey mümkündür. Qarşıda oyunlar çoxdur, hər şey ola bilər.

- "Neftçi" hazırda "Qarabağ" və "Sabah"ın ardından sonra üçüncü pillədədir. Sənin üçün gözlənilməz oldu, yoxsa sürpriz deyildi?
- Azərbaycanda olduğum müddətdə onu anladım ki, “Neftçi” deyiləndə hamı bu komandanı birinci yerdə gözləyir. Azarkeşlər, hər kəs. Futbol meydanda oynanılır. “Sabah”ı ötən mövsüm də gördüm, gözəl komandadır, yaxşı heyəti var. Ötən mövsüm də yaxşı idilər. Ona görə bu mövsümkü sürpriz olmadı. Futbolda şans, bəzən sürpriz ola bilər, amma hər zaman deyil. Mən gələndə “Sabah” yaxşı komanda qururdu, hazırlaşırdılar. Belə gedərsə, daha da yaxşı ola bilərlər. Sürpriz olmaz. “Neftçi”də ötən mövsüm də beləydi, heyətdə dəyişikliklər çox olur. Hər zaman 3-5 oyunçu gedir və yerinə yenisi gəlir. Bununla da işlər çox çətin olur. “Neftçi”, “Qarabağ”, “Sabah” üçün hər şey dəyişə də bilər. 

- "Neftçi"nin "Qarabağ"la çempionluq mübarizəsinə inanırsan? Səncə, hazırkı xal fərqindən sonra bu mümkündür?
- Əlbəttə ki, mümkündür. Çünki ən azından bir-biri ilə iki matç oynayacaqlar. Qarşıda çox matç var. Rəqibinə hər zaman çatmaq olar. Hər şey meydanda həll edilir. Təzyiq göstərib, istəyərlərsə, meydanda sona qədər mübarizə apararsa, çempionluq da mümkündür. Asan deyil. “Qarabağ” yaxşı komandadır. Ötən mövsüm də gördüm. İndi də avrokuboklarda necə güclü olduqlarını görürük. 

- Azərbaycana qayıtmaqla bağlı təklif gələrsə, cavabın necə olar?
- Hər zaman Azərbaycana gələrəm. Problem yoxdur. Futbolu bilirsiz, bir gün buradasan, bir gün başqa yerdə. Təkliflərə açığam. Səudiyyə Ərəbistanında işlərim yaxşı gedir. Hər halda, Azərbaycandan təklif olarsa, qayıtmaq mümkündür.
 

writer photo
Əlirza Əlirzalı
0