“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç XXI əsrdə Azərbaycan çempionatlarında ən azı iki fərqli klubun heyətində het-trik və ya daha çox qol vuran 10-cu futbolçu olub.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan millisinin üzvü Premyer Liqanın XXVI turunda “Kəpəz”lə (3:3) görüşdə rəqib qapıçını 3 dəfə məyus edib.
Xorvatiya əsilli oyunçu 2020/2021 mövsümündə “Qarabağ”ın heyətində belə məhsuldar oyun keçirib. 2020-ci il noyabrın 8-də səfərdə üç qol vuran Ozobiç hazırkı komandası “Neftçi”ni məyus edib. Həmin qarşılaşmada ağdamlılar 6:0 hesablı qələbə qazanıblar.
Ozobiçə qədər yalnız 9 futbolçu iki və ya daha çox komandanın heyətində bunu bacarıb.
Zaur Ramazanov (“Bakılı”, “Karvan” və “Xəzər Lənkəran”), Nadir Nəbiyev (“Neftçi”, “Xəzər Lənkəran” və “Turan”) və Samir Musayev (“Şəfa”, “Qarabağ”, “Turan”) üç klubun heyətində het-trik müəllifi olublar.
Anatoli Doroş (“Standard” və “Şüvəlan”), Əhməd Ticani (“Şahdağ” və “Bakı”), Kənan Kərimov (“Kəpəz” və “Şəmkir”), Samir Əliyev (“Xəzər Lənkəran” və “Şamaxı”), Xaqani Məmmədov (“Şüvəlan” və “Şamaxı”) və Davit Volkov (“Zirə” və “Sabah”) iki komanda ilə bir qarşılaşmada 3 və ya daha çox qol vurublar.