Nurlan İbrahimov: "Qurban Qurbanov qətiyyən belə düşünmür" - Müsahibə
15.02.2024 - 11:37
Nurlan İbrahimov: "Qurban Qurbanov qətiyyən belə düşünmür" - Müsahibə

Premyer Liqanın son turunda keçirilən "Qarabağ" - "Sabah" qarşıdurması dramatikliyi və bol qolluğu ilə diqqət çəkdi. 

Apasport.az xəbər verir ki, matçı izləyənlər arasında meydan sahiblərinin sabiq mətbuat katibi Nurlan İbrahimov da vardı. Oyun sonrası onunla qarşılaşma və "Braqa" ilə matç barədə söhbət etdik.

- Nurlan, matçla bağlı təəssüratların maraqlıdır.
- Deyərdim ki, "Qarabağ" "Braqa" ilə oyun öncəsi "Sabah"la qarşılaşmaqla yaxşı hazırlıq keçdi. Məni narahat edən yeganə məqam Ağdam təmsilçisinin son 2 oyunda 7 top buraxmasıdı. Əminəm ki, Qurban müəllim bu məqamı hamımızdan yaxşı görür. İnanıram ki, Avropa liqasında təmsilçimiz bu boşluğu aradan qaldıracaq. Emosialara gəlincə, uzun illər "köhlən atlar"da çalışmışam, ona görə də bu komandanın hesabda geri olmasını və uğursuzluğunu görəndə, yaxud hesabda irəli keçəndə, istər-istəməz müsbət mənada çılğınlıq edirəm. Təbii ki, bu da futbolda normal qəbul olunan haldır. 

- Artıq 3-cü pərdədir, "Qarabağ" - "Sabah" qarşıdurmasını izləyirik. Səncə, "bayquşlar" böyükhesablı məğlubiyyətdən sonra Qurban Qurbanovun komandasını dərindən incələdiyinə görə son 2 oyunu uduzmadı? 
- Kubokda "Sabah"ın doğma meydanda "Qarabağ"a 1:7 hesabıyla məğlub olması onların real gücünün göstəricisi deyildi. Sadəcə Masazır təmsilçisi açıq futbol oynamağa cəhd göstərdi və bu uğursuzluqla nəticələndi. Acı məğlubiyyətdən sonra baş məşqçi Murad Musayev komandadan getdi. Rusiyalı mütəxəssisin gedişindən sonra klubun sükanı arxasına keçən məşqçilər ehtiyatlı oyun və əks-hücüm taktikasına üstünlük verdilər. Nəticədə kubokun cavab matçında "bayquşlar" layiqli mübarizə aparıb qələbə qazandılar, 22-ci turda isə meydanda 300 spartalılar kimi vuruşub, layiqli 1 xal qazandılar. Komanda artıq toparlanıb, özünə məxsus oyun sərgiləməyə çalışır. Buna baxmayaraq, son 2 oyundakı uğurlu nəticələr belə onların real gücünü əks etdirmir. 

- "Qarabağ" xal itirsə də, ən yaxın izləyicisiylə arasında fərq böyükdür. Necə düşünürsən, Ağdam təmsilçisinin erkən çempionluğunun şahidi olacağıqmı? 
- Mən və çoxları erkən çempionluq barədə düşünə bilərik. Amma Qurban Qurbanov qətiyyən belə düşünmür. Qurban müəllimi yaxından tanıyan biri kimi deyim ki, o, texniki işçisindən tutmuş, ən çox dəyər verib, inandığı futbolçulara qədər erkən çempionluq barədə düşünməyi və arxayınlaşmağı qadağan edir. Odur ki, son tura qədər mübarizə gedəcək və "Qarabağ" layiqli oyunlarını sərgiləyəcək. 

- Komandanın "Braqa" səfərindən nə gözləyirsən? 
- Əgər "Qarabağ" erkən qol buraxmasa, qırmızı vərəqə almasa və digər bu kimi hallar baş verməsə, təmsilçimizi Portuqaliya klubu qarşısında şanslı hesab edirəm. 

Abdulla İsmayıloğlu

writer photo
Əlirza Əlirzalı
0