“Turan Tovuz”un ingiltərəli hücumçusu Natan Oduvanın apasport.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 10-cu turunda “Səbail”lə qollu heç-heçəni (2:2) komandanız üçün necə qələmə verərdiniz?
- İki dəfə hesabda önə keçdiyimizi nəzərə alsaq, 3 xal qazana bilməmək məyus etdi. Digər tərəfdən də uduzmadığımız üçün məmnunuq. Səhvlərimizi təhlil edib, növbəti matçlarda onları düzəltməyə çalışacağıq.
- Birinci hissədəki üstün performansı fasilədən sonra davam etdirə bilməməyinizə nə səbəb oldu?
- “Səbail”in ikinci hissədə daha güclü çıxış edəcəyini bilirdik. Çünki uduzurdular. Sadəcə, həlledici məqamlarda konsentrasiyamız çatmadı.
- Penaltini qazandığınız epizodda bir müddət yerdə ağrılar içində qaldınız. Nə baş vermişdi?
- Yöndəmsiz şəkildə boynum üstə düşdüm. Çox narahatlıq keçirdim. İndi daha yaxşıyam. Amma yenə də diqqətli olmalıyam.
- Son 4 matçda qələbə qazana bilməyən “Turan Tovuz”dakı bu eniş nə ilə bağlıdır?
- Futbolda bu hal normaldır. Çıxdığın hər oyunda qalib gələ bilmərsən. Lakin öz üzərində çalışmalı və ardıcıllığını davam etdirməlisən. Belədə nəticə də dəyişəcək, oyun səviyyən də.
- Qələbəsiz oyunlar seriyasını növbəti turda “Qarabağ” önündə qırmaq şansınız nə qədərdir?
- Hər şey mümkündür. “Sumqayıt”ın “Qarabağ”la son matçda hesabda önə keçdiyini gördünüz. Amma üstünlüyü qoruyub saxlaya bilmədilər.
- “Qarabağ”ın çempionatda keçirdiyi 9 oyunun hamısında qalib gəlməsi sizi qorxutmur?
- Əgər qorxursansa, futbol oynamağın nə mənası var? Futbol qorxulacaq sahə deyil. “Qarabağ”a hörmətlə yanaşırıq, çünki güclü komandadır. Amma biz də niyə bu liqada olduğumuzu göstərməliyik.
- “Tottenhem”in yetirməsi olduğunuz üçün tovuzlu azarkeşlər sizi komandanın ulduzu hesab edirlər. Onlarla münasibətiniz necədir?
- Əvvəla onu deyim ki, mən ulduz deyiləm. Hər kəs kimi, Tovuz üçün forma geyinən sadə futbolçuyam. Biz bir komandayıq, bura azarkeşləri də daxil edərdim. Azərbaycanda hara getsək, bizə böyük dəstək göstərirlər. Bundan əlavə, azarkeşlərlə münasibətimi güclü hesab edirəm. Oynadığımız zaman onları əyləndirməyi sevirəm. Nəticədən asılı olmayaraq, komandaya göstərdikləri dəstəyi xüsusi qiymətləndirirəm.
- Hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşan “Turan Tovuz”un sürpriz edərək mövsümü ilk “4-lük”də bitirmək şansını necə görürsünüz?
- Biz turnir cədvəlindəki mövqeyimizə baxmırıq. Diqqətimizi yalnız növbəti oyuna yönəldirik. Hazırda da fikrimiz ancaq “Qarabağ”la matçadır.
Ruslan Sadıqov