Paris-2024 Yay Paralimpiya Oyunlarının uzunluğa tullanma üzrə qızıl medalçısı, ikiqat Paralimpiya çempionu Orxan Aslanov apasport.az-a açıqlama verib.
Təcrübəli idmançı Parisdə qızıl medal alması barədə təəssüratlarını bölüşüb: “Parisdə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmək, Fransada himnimizi səsləndirmək çox qürurverici an idi. Tokioda da qızıl medal qazanmışdım, amma Parisdəki hisslər tamam fərqli idi. Çünki Tokio-2020-də azarkeşlər yox idi. Himnimiz səslənəndə yalnız mən və komanda üzvlərimiz orda idi. Amma Parisdə 80 000 azarkeş Azərbaycan himnini dinlədi. Həmin an hər şeyə dəyərdi”.
Aslanov “Şöhrət” ordeni ilə təltif edildiyi üçün xoşbəxt olduğunu bildirib: “Prezident tərəfindən təltif olunduğumdan xəbərim yox idi. Mənə göndərdilər. Həmin ankı hisslərimi sözlərlə ifadə edə bilmərəm. İdmançılara göstərilən diqqətə və qayğıya görə, ölkə başçısı cənab İlham Əliyevə təşəkkür edirəm. Vitse-prezident Mehriban Əliyevanın bizi təbrik etməsi, şəkillərimizi paylaşması mənə əlavə motivasiya verirdi. Bu, həm də gənc idmançılar üçün motivasiya verir”.
29 yaşlı idmançı gələcək hədəflərindən də danışıb: “Gələcək Paralimpiya Oyunlarında da ölkəmizə töhfə vermək istəyirəm. Yarışlarda iştirak etmək yaşla əlaqədar çətin görünür. Amma fərqli planlarımız var. İnşallah yaxşı olacaq”.
Nərmin Vüqarqızı