“Kəpəz”in hücumçusu Orxan Əliyev apasport.az saytına müsahibə verib.
- "Kəpəz" son turda "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub oldu. Bu matçdakı məğlubiyyəti necə şərh edərdin? Səncə, komanda niyə məğlub oldu?
- Bilirsiz, biz fasilə zamanı yaxşı hazırlaşdıq. "Araz-Naxçıvan"la görüşdə də yaxşı hazırlaşmışdıq. Amma istədiyimiz futbolu göstərə bilmədik. Öz səhvlərimizdən qollar buraxdıq. Sonda da bu da bizi məğlubiyyətə gətirib çıxardı. Amma halbuki başqa nəticə istəyirdik.
- "Araz-Naxçıvan" bu mövsüm uğurlu çıxış edir. Komanda hazırda ikinci pillədədir. Onlara qarşı oynamaq çətindir?
- "Araz-Naxçıvan" yaxşı komandadır. Onlar hazırda turnir cədvəlində ikinci pillədədir. Bu isə əbəs yerə deyil. "Araz-Naxçıvan" yaxşı və aqressiv futbol nümayiş etdirir. Layiqli şəkildə də ikinci pillədə qərarlaşıblar. Həqiqətən, güclü komandadır.
- Ötən mövsüm "Araz-Naxçıvan"da oynayırdın və bu mövsüm də həmin komandada oynaya bilərdin, ancaq anlaşmamışdınız. Bu komandada qalmadığın üçün peşman deyilsən ki?
- Peşman olmaq üçün heç bir səbəb görmürəm. Çünki artıq seçim edilib. Gələcəyə baxmaq və gələcəyə köklənmək lazımdır. İndi "Kəpəz" haqda düşünürəm və qarşıdakı matçları fikirləşirəm.
- "Kəpəz” hazırda 7 xalla turnir cədvəlində sonuncu pillədədir. Səncə, bu durumdan çıxmağınız alınacaq?
- Özümüz düşdüyümüz vəziyyəti yaxşı anlayırıq, yaxşı başa düşürük. Hər məşqdə də ən yaxşısını edirik ki, bu durumdan çıxaq. Necə olacaqsa, olacaq. Bunu zaman göstərəcək. Əsas odur ki, biz mübarizədən qopmaq istəmirik, sona qədər mübarizə aparacağıq.
- Növbəti turda rəqibiniz “Şamaxı”dır. Bu rəqibi səfərdə məğlub etməyiniz nə dərəcədə realdır?
- Bizim Premyer Liqa həqiqətən yaxşıdır. Amma etiraf edək ki, çempionatımızda keçilməyəcək rəqib yoxdur. "Şamaxı"ya qarşı matç da vacib və çətin oyundur. Bu da çempionatdakı durumumuza da təsir göstərəcək. Qalib gəlmək istəyəcəyik.
- Matçın sonlarında fanatlarla mübahisə yaşandı və onlar sənə də nəsə deyirdi. Orada nə baş vermişdi?
- Xeyr, mənə heç nə demirdilər. Düzü, orada nə baş verdiyini bilmədim. Amma azarkeşləri də başa düşürəm. Onlar öz doğma klublarına azarkeşlik edirlər və komandanı hazırkı durumda görmək istəmirlər. İstəyirlər ki, yaxşı durumda olaq və üst pillələrdə qərarlaşaq. Biz də ən yaxşısı üçün çalışırıq.