Heydər Əliyevin 100 illiyinə həsr edilmiş minifutbol üzrə beynəlxalq turnirin püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbirdən sonra Azərbaycan Minifutbol Federasiyasının və “Zirə” Futbol Klubunun fəxri prezidenti Orxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
O, püşkün nəticələrini dəyərləndirib və Azərbaycan yığmasının şanslarından danışıb: “Bu il ölkəmizdə Heydər Əliyev ilidir. Bununla bağlı ölkəmizdə silsilə tədbirlər keçirilir. Minifutbol federasiyası olaraq, özümüzə borc bildik ki, Ümummilli liderin adı ilə bağlı minifutbol turniri təşkil edək. Rəqiblərimiz də bu təklifə müsbət yanaşdılar və 10 komanda turnirdə iştirak etməyə razılıq verdi. Əlbəttə ki, komandaların içərisində güclü, dəfələrlə çempionluq yaşamış kollektivlər var. Biz bu turnirə son Avropa çempionu kimi qatılırıq. Doğma divarları və turnirin Ümummilli liderimizin adını daşıdığını nəzərə alaraq, məqsədimiz bu turnirdə çempion olmaqdır. Ən əsası da komandamıza cəlb olunan yeni oyunçulara da şans vermək istəyirik ki, gələn il keçiriləcək dünya çempionatına hazır olaq. Bu turnir dostluq turniridir. İnanırıq ki, dost mühitində də keçiriləcək. Qonşu və dost, qardaş ölkələrimiz də burada iştirak edəcək. İnanırıq ki, turnir yaddaşlarda qalacaq”.
- Milli komandaya yeni cəlb olunacaq futbolçuları ölkə çempionatından seçəcəksiniz, yoxsa karyerasını başa vurmuş veteranları dəvət edəcəksiz?
- Bu məsələyə baş məşqçi baxır. Ölkə çempionatı bir müddətdir davam edir. Böyük rəqabət və həvəs var. Komandalarda yeni simalar var. Bu mənada, məşqçinin işi heç də asan deyil. Çünki kifayət qədər oyunçular var ki, milliyə cəlb oluna bilərlər.
- Yeni minifutbol meydançasının tikintisinə hazırlıqla bağlı işlərin davam etdirildiyini bilirik. Bu, nə vaxta hazır olacaq?
- Avropa çempionatında uğur qazandıqdan sonra böyük meydançamızın olmasının labüdlüyünü nəzərə aldıq. Bakıda çoxlu sayda minifutbol meydançaları var. Amma standartlara cavab verən, böyükmiqyaslı turnirlər keçirməyimizi nəzərə alaraq layihə hazırladıq. Artıq şəhərsalma ilə işləyirik, müvafiq sənədləri təqdim etmişik. Yerini hələ müəyyən edirik. Tez bir zamanda bunu müəyyən edərək, geniş kütləyə yayacağıq.
- Eyni zamanda, "Zirə"nin fəxri prezidentisiniz. Bu komandanın çıxışı barədə fikrinizi bilmək istəyərdik...
- "Zirə" olaraq hər il yüksək yerlər uğrunda mübarizə aparırıq. Məqsədimiz ən azından avrokuboklarda iştirak etməkdir. Ötən mövsümü uğurlu başa vurduq. Çempionatda üçüncü yeri tutduq, ölkə kubokunda finalda oynadıq. Yalnız penaltilərlə ölkə çempionu "Qarabağ"a uduzduq. Keçən il bizim üçün qənaətbəxşdir. Bu mövsümə gəldikdə, məqsədimiz yenə avrokuboklara vəsiqə qazanmaqdır. Şansımız hələ də var. "Qəbələ" hazırda bizim əsas rəqibimizdir. İnanırıq ki, müsbət nəticə olacaq və mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağıq.
- Gəzən söz-söhbətlərə görə "Zirə"nin builki nəticələrindən narazısız. Bu nə dərəcədə doğrudur?
- Narazı və ya razı olmaq mövsümün sonunda bilinir. Bugünkü duruma görə komandadan razıyam. Azərbaycan futbolunda rəqabət yüksəkdir. Komandalar arasında maliyyə durumu eyni deyil. Turnir cədvəlinə baxsaq, görərik ki, bugünkü durumumuza görə "Qarabağ" və "Neftçi" ilə tam rəqabət apara bilmərik. Hesab edirəm ki, bu il 3-4-cü yerlə uğrunda mübarizə aparırıq və durumumuz qənaətbəxşdir.