Pandemiyadan sonra bayram
20.05.2022 - 17:09
Pandemiyadan sonra bayram

Kikboksinq üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, açılış mərasimində millət vəkilləri Fazil Mustafa, Könül Nurullayeva, futbol ictimaiyyətinin tanınmış nümayəndələri Qurban Qurbanov, Tərlan Əhmədov və Mahir Şükürov iştirak ediblər.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyevə kikboksçuların hətta pandemiya şəraitində də yüksək nəticələr göstərdiklərini bildirib. O, Azərbaycan çempionatında fərqlənənlərin V İslam Həmrəyliyi Oyunlarında çıxış edəcəklərini vurğulayıb.

AKF prezidenti 44 günlük Vətən müharibəsində Azərbaycan kikboksçularının da qəhrəmancasına vuruşduqlarını söyləyib və şəhidlərin xatirələri 1 dəqiqəlik sükutla yad olunub.

Gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə pandemiyadan sonra qapalı məkanda belə bir yarışın keçirilməsini bayram adlandırıblar.

Milli Məclisin İdman Komitəsinin rəhbəri, AKF-nin fəxri prezidenti və İdarə Heyətinin sədri Adil Əliyev isə tədbirdə iştirak edən bütün şəhid ailələrini və qaziləri salamlayaraq, qələbənin qazanılmasında rolu olanlara təşəkkürünü bildirib. O, iki illik fasilədən sonra ölkədə kütləvi tədbirlərin keçirilməsinə razılığın verilməsini sevindirici hal adlandırıb. 

Daha sonra fəxri prezident Fərid Qayıbov və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovu Azərbaycan çempionatının keçirilməsinə verdiyi yüksək dəstəyə görə mükafatlandırılıb.

Həmçinin, 44 günlük Vətən müharibəsinin şəhidləri -  Muxtar Qasımlı, Şıxamir Qaflanov, Kərəm Veyisov, Pərvin Əlizadə və Xudayar Yusifzadənin ailə üzvləri plaketlərlə təltif olunub.

Ardınca kikboksçu Anar Məmmədova ötən ilin sonlarında İtaliyada qazandığı dünya çempionluğu münasibətilə avtomobil hədiyyə olunub.

Daha sonra açılış mərasimi bədii hissə ilə davam etdirilib. 

Qeyd edək ki, Azərbaycan çempionatına mayın 22-də yekun vurulacaq. "Low kick" və "Full Contact" versiyaları üzrə keçirilən yarışın qalibləri Azərbaycanı avqustda Konyada keçiriləcək V İslam Həmrəylik Oyunlarında təmsil edəcəklər.
 

writer photo
Əlirza Əlirzalı
0