“Partizan”ın yarımmüdafiəçisi Patrik Andrade Azərbaycana qayıda bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Kabo Verde millisinin futbolçusu Misli Premyer Liqasının iki klubunun maraq dairəsinə düşüb.
29 yaşlı orta sahə oyunçusunu “Neftçi” və “Zirə” heyətinə cəlb etmək niyyətindədir. Bu ilin yayında “Qarabağ”dan Serbiya klubuna keçən Andrade orada xoşbəxt olmadığını gizlətmir. Əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu özü Azərbaycana dönməyin əleyhinə deyil. Ancaq o, ilk olaraq sabiq komandası “Qarabağ”dan təklif gözləyir.
Oyunçunun “Partizan”la 2025-ci ilin yayınadək müqaviləsi olduğundan, Bakı klubları onu qış fasiləsində icarəyə götürmək variantını nəzərdən keçirirlər. Bunun üçün isə ilk növbədə futbolçunun özünün, daha sonra isə klubunun razılığı alınmalıdır.
Qeyd edək ki, Patrik Andrade 2020-2022-ci illərdə şərəfini qoruduğu “Qarabağ”ın heyətində 70 oyun keçirib, 12 qola imza atıb.