Azərbaycan Premyer Liqasında dörd oyunun yeri dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı PFL verib.
Bu gün qurumun nümayəndələri tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib. Aparılan əsaslı işlər, stadionun hazırki durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq təqvimdə dəyişikliklər edilib.
PFL-in İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək “Turan Tovuz”un "Araz Naxçıvan" və “Qarabağ”la matçlarının yerini dəyişib. Tovuzlular hər iki rəqiblə 1-ci dövrədə səfərdə, 2-ci dövrədə evdə qarşılaşacaq. Qərb təmsilçisinin stadionu IV turdan matçları qəbul etməyə hazır olmalıdır.
“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun vaxtı və məkanı da dəyişib. “Araz-Naxçıvan”ın meydan sahibi olacağı görüş 4 avqust saat 20:00-da “Dalğa Arena”da başlayacaq. Komandaların əvəzediciləri arasındakı qarşılaşma 1 gün sonra saat 17:00-da Binə qəsəbə stadionunda keçiriləcək.
Qeyd edək ki, Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabr ayının sonunda planlaşdırılır.