AVRO-2024-ün pley-off mərhələsinə qatılmaq üçün nəzəri şanslarını da itirən Azərbaycan millisinin növbəti rəqibləri gələn il müəyyənləşəcək.
Apasport.az xəbər verir ki, Millətlər Liqasının 2024/25 mövsümünün püşkatması 2024-cü il fevralın 8-də baş tutacaq.
Azərbaycan yığmasının rəqibləri Fransa paytaxtı Parisdə bəlli olacaq. UEFA-nın Konqresi çərçivəsində baş tutacaq tədbirdə C liqasında oynayacaq yığmamızın qrupu dəqiqləşəcək.
Düzdür, tədbirin İspaniya paytaxtı Madriddə təşkil olunması gözlənilirdi. Lakin bu ölkənin futbol federasiyasının prezidenti ətrafındakı qalmaqal üzündən Konqresin, həm də püşkatmanın yeri dəyişdirilib.
Adətən püşkatmada AFFA nümayəndələri ilə birlikdə Azərbaycan millisinin baş məşqçisi də iştirak edir. Lakin Parisə kimin gedəcəyi sual altındadır. Müqaviləsi bitəcək və bu üzdən postundan gedəcəyi gözlənilən Canni de Byazinin Parisə yollanmaq ehtimalı sıfıra yaxındır. Püşkatmada onu əvəzləyəcək mütəxəssis iştirak edə bilər. Amma hələ AFFA bununla bağlı qərarını verməyib.