Qabon millisinə çağırılan “Zaqatala”lı: “Buna çox inanırdım” - Müsahibə
11.03.2024 - 21:19
Qabon millisinə çağırılan “Zaqatala”lı: “Buna çox inanırdım” - Müsahibə

Azərbaycan Birinci Liqasında mübarizə aparan “Zaqatala”nın futbolçusu Steyn Essononun Qabon millisinə dəvət edilməsi marağa səbəb olub. Belə ki, Azərbaycanın aşağı liqasından milli komandalara nadir hallarda futbolçu dəvət edilir. 

Essono milliyə dəvət olunması ilə bağlı apasport.az saytına müsahibə verib.

- Qabon milli komandasına dəvət edildiyin üçün təbrik edirəm. Milli komandadan dəvət gələcəyinə inanırdın?
- Təbrikə görə çox sağ olun. Bəli, mən milli komandadan dəvət olacağına çox inanırdım. Yeni baş məşqçimiz məni milliyə çağırıb. Onun etimadını doğrultmağa çalışacam.

- Maraqlıdır, Qabon millisinin baş məşqçisi Tyerri Muyuma Azərbaycan futbolunu, Birinci Liqasını izləyir?
- Şəxsən mən bu barədə məlumatlı deyiləm. Onun Azərbaycan futbolunu və ya Birinci Liqanı izlədiyindən xəbərim yoxdur. Amma hər halda, yəqin ki, izləyir. Məni milliyə dəvət edibsə, izləməmiş olmaz.

- Qabon millisinə dəvət edilən futbolçular yetərincə yaxşı klublarda oynayır. Azərbaycan Birinci Liqasında oynayan futbolçunun bu millidə yer alması xoş və maraqlıdır. Millidə özünü yaxşı tərəfdən göstərə biləcəyinə inanırsan?
- Doğrudur, Qabon millisində çox yaxşı futbolçular çıxış edir. Həqiqətən düşünürəm və inanıram ki, sahib olduğum keyfiyyətlərə görə millidə özümü göstərməyə qadirəm. İnanıram ki, millidə yaxşı performans göstərəcəm və məşqçilər korpusunun etimadını qazanacam. 

- Yəqin ki, millidəki komanda yoldaşlarına Azərbaycan futbolundan, Birinci Liqadan və "Zaqatala"dan danışacaqsan?
- Təbii ki, danışacam. Əslində, millidəki bəzi komanda yoldaşlarımla indidən münasibətim var və onlarla danışıram. Onlar mənə Azərbaycan futbolunun səviyyəsinin yetərincə yaxşı olduğunu bildirirlər. Bu da sevindirici haldır.
 
- Azərbaycana, "Zaqatala"ya gəlişin necə baş tutub? Bura gələndə, Birinci Liqada oynayacağını bilirdin?
- Mən Azərbaycana “Pelican” agentliyi vasitəsilə gəlmişəm. Onların ofisi Bakıda yerləşir. Moldovada “Dinamo-Avto”da oynadığım vaxtı bu cür təklif gəldi. Mən də Azərbaycanda, “Zaqatala”da oynamağa razılaşdım. Bu şirkət hər mövzuda qayğıma qaldı, mənimlə maraqlandı. Təbii ki, Birinci Liqada oynayacağımı bilirdim.

- Azərbaycan Premyer Liqasında oynamaq istəyərsən? Səncə, yayda Premyer Liqa klublarından birinə keçə biləcəksən? 
- Azərbaycan Premyer Liqasında oynamağı çox istəyərdim. Amma hər şeyə mən özüm qərar vermirəm. Çünki mən agentliyə məxsusam. Onlar mənim karyeramla maraqlanırlar. Hər halda, mövsümün sonunda Premyer Liqa klublarından təklif gələrsə, danışacağıq.

- Yəqin ki, Qabon millisinə dəvət olunmusan deyə, klubların sənə marağı daha çox artacaq....
- Bəli, mən də belə düşünürəm. Qabon millisinə dəvət olunduğuma görə bir çox klubların diqqəti mənə yönələ bilər. Maraqlananlar isə daha da yaxından maraqlanacaqlar. Hər şey mümkündür. Amma hazırkı dövrdə mən yalnız “Zaqatala” haqda düşünürəm. Bu komandaya xeyir verməyə çalışıram. Bütün fikrimi bu komandanın oyunlarına yönəltmişəm.

- Zaqatalada, yoxsa Qabonda yaşamaq? Hansı sənin üçün daha rahatdır?
- Zaqatalada yaşamaq yaxşıdır. Bu şəhəri çox bəyənirəm. İnsanlar mənə qarşı ilk gündən çox yaxşıdır, xoş münasibət bəsləyirlər. Hər şey də yaxşı gedir. Amma istənilən halda, Qabonda yaşamaq mənim üçün daha yaxşıdır. Çünki ora mənim vətənimdir, ailəm oradadır. Hansı ki, daim orada yaxşı günlərimi, dostlarımı düşünürəm.

writer photo
Əlirza Əlirzalı
0