“Çətin səfərdə idik. Çox önəmli qələbələrdən birini qazandıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın kapitanı Qara Qarayev Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”la səfər qarşılaşmasını dəyərləndirərkən deyib.
Təcrübəli yarımmüdafiəçi Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında 3:0 hesablı qələbəyə münasibət bildirib: “Oyun bizim üçün ağır başladı. İlk hissədə rəqibin təzyiqləri var idi. Bizim də qol şanslarımız olmuşdu. Amma ümumilikdə gedişat nəzarətimizdə idi və ikinci hissədə qollarımızı vurduq. Parlaq və “Qarabağ”ın adına yaraşan qələbə oldu”.
Qarayev son vaxtlar daha inamlı çıxış etdiklərini vurğulayıb: “Rəqibin kimliyindən asılı olmayaraq daha cəsarətli oynamağa başlamışıq. Azərbaycan futbolunun adında olan mifləri qırmaq istəyirik. Bizim ölkədəki komandalar futbol oynaya bilir. Bu anlayışı çatdırmaq istəyirik. Bizdə səfər və ev amili önəmli deyil. Hər yerdə öz futbolumuzu oynamaq istəyirik. Artıq rəqib komandalar bizi tanıyır. Bu, bir az narahat edir. Bu səbəbdən işimizdə daha ciddi və məsuliyyətli olmalıyıq. Fikrimiz dünənki qalibiyyətdə qalsa, bundan sonra uğur qazana bilməyəcəyik”.
Qeyd edək ki, ilk 3 turdan sonra “Qarabağ” 6 xalla qrupda ikinci pillədə qərarlaşıb.