Xorvatiyanın şimalında, Sava çayı sahilində yer alan Zaqreb şəhərinin “Dinamo” klubu 79 il əvvəl 9 iyun 1945-ci ildə qurulub. Xorvatiya Respublikasının yaranmasından bu yana ölkənin ən çox kubok qazanan klubu olmağı bacarıb. 25 dəfə Xorvatiya çempionu olan klub son 6 ildə də ardıcıl çempionluqlar yaşayır. Klubun ləqəbləri arasında “Zaqreb mavisi”, “mavi aslanlar” var. Maskotları isə aslan olan Plavkodur.
“Dinamo” ev oyunlarını 35 123 nəfərlik “Maksimir” stadionunda keçirir. Klubu burada “Bad Blue Boys” azarkeş qrupu dəstəkləyir. Zaqreblilərin ən böyük rəqibi “Hayduk Split” hesab olunur. Luka Modriç, Mario Mandzukiç, Marselo Brozoviç kimi oyunçuları dünya futboluna bəxş edən “Dinamo” Avropanın ən yaxşılarından biri olaraq qəbul edilən akademiyası səbəbilə bütün dünyada hörmətlə qarşılanır.
Xorvatiya millisinin də təməl daşlarından biri olan zaqreblilərin hazırkı heyətinin ümumi dəyəri 72.6 milyon avro olaraq qiymətləndirilir. 20 milyon avro ilə klubun ən dəyərli futbolçusu isə 21 yaşlı xorvat futbolçu Martin Baturinadır. Bu il həmyerlimiz Mahir Emreli də başda olmaqla 18 futbolçu ilə yollarını ayıran klub ümumilikdə 5.1 milyon avro xərcləyərək heyətinə 15 yeni oyunçu qatıb.
Komandanın baş məşqçisi Bosniya və Hersoqovinadan olan 47 yaşlı Sergey Yakiroviçdir. 1 ildir klubu çalışdıran Yakiroviç “Dinamo Zaqreb”lə 2023-2024 sezonunda 82 xalla, “Riyeka”nı 8 xal qabaqlayaraq çempion olub. Kubok finalında yenə “Riyeka”nı məğlub edən “mavi aslanlar” mövsümü iki kubokla başa vurub.
Ötən il avrokuboklara UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən qoşulan “Dinamo” Qazaxıtan çempionu “Astana”nı 4:0 və 2:0 hesabları ilə məğlub edərək mərhələni keçsə də, 3-cü təsnifat mərhələsində “AEK Afina” səddini adlaya bilməyib - 1:2, 2:2.
Xorvatiya təmsilçisi Avropa Liqasının pley-off mərhələsində “Sparta Praqa”ya “Maksimir”də 3:1 hesabı ilə qalib gəlsə də, revanş matçında 4:1 hesabı ilə məğlub olaraq UEFA Konfrans Liqasının qrup mərhələsinə düşüb. Konfrans Liqasında rəqiblər “Astana”, “Ballkani” və “Viktoriya Plzen” klubları olub. Qrupu 9 xalla ikinci tamamlayan xorvatlar pley-off mərhələsində İspaniyanın “Betis” kollektivinə rəqib olub. Sergey Yakiroviçin tələbələri baxımlı oyunla İspaniyada 0:1 hesabı ilə qalib gəldikləri matçın revanşında 1:1 hesablı bərabərliyə nail olaraq mərhələ adlayıblar. 1/8 final mərhələsində Yunanıstanın PAOK klubuna rəqib olan “Dinamo” evdə 2:0 hesablı qələbə qazansa da, səfərdə 1:5 məğlub olaraq mübarizəni dayandırıb.
Avrokuboklardakı nəticələrdən sonra Yakiroviçlə müqaviləni uzadan klub bu il də bosniyalı mütəxəssislə yoluna davam edir. Həmişə olduğu kimi bu mövsüm də liqaya fırtına kimi başlayan “Dinamo Zaqreb” “Zirə”nin Konfrans Liqasındakı rəqibi “Osiyek”i də məğlub etməyi bacarıb – 2:1. Xorvatiya çempionatının əsas favoriti yenə Zaqreb təmsilçisidir.
Avropa arenasına isə birbaşa pley-off mərhələsindən qoşulan xorvatlar “Qarabağ”la üz-üzə gələcək.
Sergey Yakiroviç adətən komandasını meydana 4-2-3-1 taktiki sxemi ilə çıxarır. Hesab və oyunun gedişindən asılı olaraq düzülüş 4-4-2, 4-3-3, 3-5-2, bəzən də 3-4-3 formatında dəyişir.
Son iki liqa matçında “Dinamo”nun qapısını 26 yaşlı İvan Nevistiç qoruyub. 2 oyunda qapısında 1 qol görən qapıçı ortalama 6.5 reytinq xalı ilə qapısına gələn 9 zərbənin 8-ni qaytarmağı bacarıb.
Müdafiənin sol cinahında 26 yaşlı fransız futbolçu Ronael Pyer-Qabriel oynayır. 2 liqa matçında da 90 dəqiqə meydanda olan futbolçu 1 qol vurmağı da bacarıb. Cinah müdafiəçisi tez-tez hücumlara dəstək verir. Bu zaman ona sürəti və oyuna qoşulmaq bacarığı çox kömək edir.
Müdafiənin sağ cinahında isə Şimali Makedoniyalı Stefan Ristovski var. Ristovski həm də ölkəsinin yığma komandasında forma geyinir. O da Qabriel kimi hər iki liqa oyununda 90 dəqiqə meydan olub, 1 qola imza atıb. Ristovskinin passivində 1 sarı vərəqə də var. Müdafiəçi müdaxilələr zamanı çox riskli oynayır və tez-tez qaydanı pozur. Onun bu xüsusiyyəti hücumçularımızı zədə təhlükəsinə atsa da, bundan öz leyhimizə istifadə edə bilərik. Əgər “Qarabağ” Ristovskinin cinahından daha çox təzyiq göstərsə, rəqibin meydanda azlıqda qalması mümkün ola bilər. Ristovskinin diqqət çəkən mənfi cəhətlərindən biri də tez-tez top itkisinə yol verməsidir.
Müdafiənin mərkəzində 1.88 sm. boya sahib mərakeşli Sami Mmaee var. Boyunun uzun olmasına baxmayaraq, futbolçu hava mübarizələrində çox zəifdir. Topu ayağında yaxşı saxlasa da, sürətli deyil. Bu da əks-hücumlarda “Qarabağ”ın işinə yarayacaq amillərdəndir.
Mmaeenin yanında isə 34 yaşlı Kevin Teofil-Katerini görürük. İki liqa oyununda ümumilikdə 180 dəqiqə meydanda olan mərkəz müdafiəçisi 1 qol vurub, 1 dəfə də sarı vərəqə ilə cəzalandırılıb. Samidən fərqli olaraq, Kevin hava toplarını çox sevir və topu ayağında saxlayarkən səhvlərə yol verir. Müdafiəçinin ötürmələri də tez-tez qeyri-dəqiq alınır ki, bu da bizim üçün sevindirici məqamlardandır.
Bu müdafiə xəttini təmsilçimiz Zubir, Andrade və Juninyo kimi sürətli, texnikalı futbolçularla təzyiq altında saxlamağa çalışacaq. “Köhlən atlar” ön xəttdə aktiv pressinq tətbiq edərsə, rəqib müdafiəçilərdə kobud səhvlər və top itkiləri görə bilərik.
Yarımmüdafiədə müdafiənin önündə iki ön libero ilə oynayan Zaqrebdə 30 yaşlı 2.5 milyon avro dəyərində Yosip Misiç və 20 yaşlı Bosniya doğumlu xorvat vətəndaşı Petar Suçiç diqqət çəkir. Yosipdən fərqli olaraq Suçiç iki liqa matçında 90 dəqiqə oynamayıb. Ümumilikdə 153 dəqiqə meydanda qalan yarımmüdafiəçinin ötürmələrinin 83 faizi dəqiq alınıb. Suçiç aktivinə qol ötürməsi də yazdırmağı bacarıb. Yosipi isə meydanın fərqli yerlərində görə bilərik, bu cəhətdən onu universal futbolçu adlandırmaq olar.
Komandanın 10 nömrəsi kimi isə 20 milyon dəyərə sahib 20 yaşlı Martin Baturina çıxış edir. 2 liqa matçında 160 dəqiqə meydanda qalan oyunçu 3 məhsuldar ötürmə ilə asist liderliyini əlində saxlayır. Gənc, dinamik, atletik olmaqla yanaşı topla da səhvsiz irəliləməyi bacarır, uğurlu dribblinqlərlə diqqət çəkir. Bu səbəblə “Qarabağ”ın arxa xətti Baturinanı gözdən qoymamalıdır. Baturinanın özünü müdafiəçilərə unutdurmaq və anidən ortaya çıxaraq komandasına qol qazandırmaq kimi möhtəşəm bacarığı var. Gənc 10 nömrə Çempionlar Liqasında özünü ən yaxşı cəhətdən göstərməyə çalışacaq. 4 dəfə milli komandanın formasını da tərlədən Baturina 2 liqa matçında 90 faizlik zərbə dəqiqliyi və 8.2 reytinq xalı ilə oynayıb.
Bu yarımmüdafiə xətti ilə Patrik Andrade, Yassin Benzia və Julio Romao üçlüsünü müqayisə etsək, təmsilçimizin kağız üzərində daha üstün olduğunu deyə bilərik.
“Dinamo Zaqreb”in iki liqa matçında yarımmüdafiənin sağ cinahında 29 yaşlı xorvat futbolçu Marko Pyasa meydanda olub. 2 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalan Pyasanın ən güclü bacarığı müdafiəçiləri texnikası hesabına aldadıb geridə qoymaqdır. Rəqiblərini aldatmağı sevir, əks-hücumlarda rəqib komandalar üçün olduqca böyük təhlükələr yaradır. Pyasa qapını tez-tez yoxlasa da, nə zərbələri, nə də bitiriciliyi yaxşı səviyyədə deyil. Onun meydandakı əsas vəzifəsi cinahlarda boşluq əldə edib topu cərimə meydançasında forvarda göndərmək olacaq. Markonun müdafiəyə dəstək göstərməməsi də, rəqiblər üçün üstünlük hesab oluna bilər.
Sol cinahda isə 25 yaşlı alban futbolçu Arber Hoksa yer alır. İki matçda iki qola imza atan futbolçu mövsümə çox yaxşı başlayıb. Cinahda daim rəqibin müdafiəsini narahatlıq içərisində saxlamağı bacaran albanın əsas mənfi cəhəti tez-tez oyundankənar vəziyyətə düşməsidir.
“Dinamo”nun qol maşını isə 6 il əvvəl “Bolonya”dan cəmi 850 min avroya transfer edilən Bruno Petkoviçdir. Petkoviç həm də 6 qat Xorvatiya çempionudur. “Dinamo” karyerasında 248 rəsmi oyuna çıxan Petkoviç 82 qol vurub, 57 qol ötürməsi verib. 1.93 sm. boyu ilə hava toplarında kifayət qədər güclü olan hücumçunun bitiriciliyi, ara ötürmələri və bəzi hallarda müdafiəyə kömək etməsi onu hərtərəfli oyunçu kimi göstərir. Onun təhlükəli cəhətlərindən biri də topu ayağında yaxşı saxlayaraq tez-tez komandasına standart vəziyyətlər qazandırmasıdır. Başa düşüldüyü kimi, sərt mübarizədən çəkinmir. Petkoviçin ən zəif tərəfi nizam-intizamsız olmağıdır. Xorvatiya millisində 40 oyuna çıxan forvard 11 qolla yadda qalıb.
“Dinamo”da Petkoviç varsa, “Qarabağ”ın da Juninyo kimi təhlükəli hücumçusu var. Hər iki komandanın müdafiəçiləri axşamkı oyunda çətin anlar yaşayacaqlar.
Zaqreb klubu da “Qarabağ” kimi oyunu arxadan qısa ötürmələrlə qurmağı sevir. Baş məşqçi Sergey Yakiroviç komandasında daha çox cinahlara güvənir. “Dinamo” futbolçuları hücumda sürətlə çoxalır, qolların çoxunu cərimə meydançası daxilindən vururlar. Xorvatlar burada Petkoviçə çox güvənirlər.
Adil Nəhmətli