Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin maraq dairəsində olan daha bir əcnəbi futbolçu müəyyənləşib.
Xayme Romero və Patrik Andrade ilə vidalaşan, əvəzində Marko Yankoviçi transfer edən “Qarabağ” digər mövqelərlə yanaşı, yarımmüdafiə xəttinə də yeni futbolçu cəlb etmək niyyətindədir. Baş məşqçi Qurban Qurbanovun siyahısında olan orta sahə oyunçuları arasında kolumbiyalı Aleksis Zapata da var.
İtaliyada “Udineze”, “Sassuolo”, “Peruca”, İspaniyada isə “Qranada”da çıxış etmiş 27 yaşlı Zapata 2020-ci ildən Ekvador təmsilçisi “Emelek”in formasını geyinir. Kolumbiyalının “Emelek”lə müqavilə müddəti 2023-cü ilin sonuna qədər olduğundan, transferi həyata keçirmək üçün ilk növbətə ekvadorluları razı salmaq lazımdır. Danışıq müsbət nəticələnərsə, Zapata 5 ildən sonra Avropaya qayıdacaq.
Qeyd edək ki, Aleksis Zapata 2015-ci ildə Kolumbiyanın U-20 yığmasının heyətində Cənubi Amerika Kuboku və dünya çempionatı oyunlarında iştirak edib. Həmin vaxt Kolumbiya millisi qitə birinciliyində 2-ci yeri tutub.