"Qarabağ"a "Qalatasaray" çıxsa, şanslar bərabərdir" - Müsahibə
15.12.2023 - 23:48
"Qarabağ"a "Qalatasaray" çıxsa, şanslar bərabərdir" - Müsahibə

“Qarabağ”ın veteran kapitanı, futbol mütəxəssisi Aslan Kərimov apasport.az saytına müsahibə verib:

- "Qarabağ" "Hakken"lə görüşdə 2:1 hesabı ilə qalib gələrək qrupdan çıxdı. Oyunu "Qarbaağ" üçün necə dəyərləndirirəsn? Bir qədər sönük, amma lazım olan nəticənin qeydə alındığı görüş oldu...
- Hər şey istədiyimiz kimi başladı. Bütün azarkeşləri təbrik edirəm. Qapıçının kobud səhvi bizim lehimizə işlədi. Birinci hissədə də bütün nəzarət əlimizdə idi. Hücumlarımız o qədər kəskin olmasa da, oyunun kontrolu istədiyimiz istiqamətdə gedirdi. Təbii ki, ikinci qolu da vurandan sonra hər şey daha sakit məcrada keçəcəkdi. Amma sən saydığını say, gör fələk nə sayır. Qırmızı vərəqə bütün planları pozdu. Bundan da əlavə, rəqib riskli oynadı. Çünki “Hakken”in itirəcəyi bir şeyi yox idi. Böyük qüvvə ilə hücuma atılmaqda ehtiyat etmirdilər. Qol imkanları da yaratdılar. Amma oyunun qəhrəmanı var idi. Kimlərsə qol vuran Leandro Andradeni və yaxud da Yasin Benziyanı deyə bilər. Mənim üçün oyunun əsl qəhrəmanı Andrey Lunyov idi. O, soyuqqanlılıqla 100 faizlik qol imkanlarının qarşısını aldı. Kənardan oyunun sönük görünməsinin səbəbi həmin qırmızı vərəqə idi. Ondan sonra edə biləcək çox şey yox idi.


- "Qarabağ" ilk dəfə Avropa Liqasında pley-off mərhələsinə qalmağı bacardı. Ümumiyyətlə, "Qarabağ"ın bu qrupdakı çıxışını, performansını necə dəyərləndirirsən?
- Qrupdakı bütün oyunları dəyərləndirəsi olsaq, yalnız iki oyun var idi ki, “Qarabağ” rəqiblərinə bütün komponentlərdə uduzdu. Bu, “Bayer”lə Leverkuzendəki oyun və “Molde” ilə səfərdə 2:2 oynadığımız oyun idi. Bu iki matçda performansımız ürəkaçan deyildi, “Qarabağ” özünə bənzəmirdi. Düzdü, Norveçdəki matçda bir xalı xilas etdik, amma potensial olaraq bəxtimiz gətirmişdi. Qalan oyunlarda “Qarabağ” yaxşı performans göstərdi. Evdə “Bayer”ə uduzsaq da, müdafiə planında pis təsir bağışlamadıq. Digər görüşlərdə də istədiyimizi edə bildik. Bu qrupda çıxışımızı yüksək dəyərləndirmək olar.


- "Qarabağ"ın hazırkı heyəti ilə Avropa Liqasında daha uzun yol qət edəcəyinə inanırsan? Yoxsa yeni transferlərə ehtiyac var?
- Transferlərə hər zaman ehtiyac var. Hansı səviyyədə olmağından asılı olmayaraq, hər zaman yaxşı oyunçu almaq istəyirsən. Heyəti gücləndirməyə ehtiyac var. Sevindirici tərəf odur ki, bu, qapıçı mövqeyi deyil. Uzun müddətdir ki, qapı mövqeyində çox əziyyət çəkirdik. Axır ki, Lunyovla artıq rahat nəfəs ala bilirik. Lunyovun doqquzluqdan çıxardığı epizodlardan söhbət getmir. Amma soyuqqanlıdır, lazım olan vəziyyətdə lazım olan yerdə olması ustalıq səviyyəsinin yüksək olduğunu göstərir. Mərkəz müdafiəçisinə ehtiyac duyulacaq. Uzun yol qət etmək istəyiriksə, belədir. Bu heyətlə nə qədər uzun yol qət edə bilərik? Düşəcək rəqiblərdən asılıdır. “Yanq Boyz”u keçə bilərik. “Qalatasaray”da dünya ulduzları olsa belə...”Molde-“Qatalasaray” matçını gördük. Zaman-zaman “Molde” onları öz qapısına yığmağı bacarmışdı. “Qarabağ” da Bakıda “Molde”yə qarşı yaxşı təsir bağışladı. Demək ki, biz də bunu edə bilərik. “Benfika”nı da bura əlavə edərdim. Bu rəqiblərlə düşəsi olsaq, bəlkə bir mərhələ də adlaya bilərik. Amma sonrakı mərhələlərdə bizi çətinlik gözləyə bilər. 


- "Qarabağ"dan sonra yaxın gələcəkdə Azərbaycandan ikinci komanda çıxacaqmı ki, bunları təkrarlasın?
- Gedişat bunun çətin olduğunu göstərir. İnanmıram ki, hansısa başqa klubumuz Avropa Liqasının qrupuna qədər gəlib çıxa bilsin. Daxili çempionatda “Qarabağ”la oyunlarda görürük ki, bunun öhdəsindən gələ bilmirlər. Amma düzgün strategiya qurası olsalar, oyunçu seleksiyasına diqqət etsələr, kimi gəldi almasalar, büdcələrini artırsalar, məncə, bunun öhdəsindən gəlmək elə də çətin deyil. Büdcəni 40-50 milyona yüksəltsələr, yaxşı transferlərlə bunun öhdəsindən gəlmək mümkündür.


- «Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri də bəllidir: "Milan", "Feyenoord", "Lans", "Braqa", "Benfika", "Qalatasaray", "Yanq Boyz", "Şaxtyor". Səncə, hansı daha uyğundur "Qarabağ"a?
- Biz indi müqayisə apara bilərik. Çünki 8 komandaların hamısı Çempionlar Liqasının qrup mərhələsinin son turunda bəlli oldu ki, Avroliqaya düşürlər. Yəni son tura qədər mübarizə aparırdılar. Hər biri çox güclü rəqiblərdir. “Braqa” və “Milan” la müqayisə etsək, “”Qalatasaray” və “Yanq Boyz”la oynamaq şansımız daha çox olar. “Qalatasaray”ı niyə deyirəm? “Molde”-  “Qalatasaray” oyununu gördükdən sonra, hesab edirəm ki, “Qarabağ” da bu istiqamətdə oynayıb, nəticə əldə edə bilər. Yəni, mümkündür. Bunlar hamısı nisbi söhbətlərdir. 


- Ümumiyyətlə, necə düşünürsən, "Qarabağ"ın Avroliqadakı yolunun uzun olub-olmaması düşəcək rəqiblərdən asılıdır, yoxsa necə?
- Qrup mərhələsindən çıxmağın özü uzun yol qət etmək deməkdir. Bundan sonra nə qədər yol qət edəcəklər? Çox çətin yoldur. Nə qədər yol qət etmələri, hansı rəqiblərin düşməsindən asılıdır. “Feynoord”, “Milan”, “Şaxtyor”, “Lans” düşəsi olsa, “Qarabağ”ın mərhələ keçmək şansı 30 faiz olacaq. Bunlar çox güclü komandalardır. “Qalatasaray” və “Yanq Boyz” düşsə...”Yanq Boyz”la şanslar eyni olacaq. “Qalatasaray” çıxsa, 45/55-ə Türkiyə klubunun xeyrinə olar. Amma yenə də, oynamaq olar.

writer photo
Əlirza Əlirzalı
0