"Qarabağ"ın 2022/2023-cü illər mövsümündə avrokuboklardan əldə etdiyi gəlir bəlli olub.
Apasport.az UEFA-nın hesabatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ümumilikdə 13 198 000 avro qazanıb.
Bu məbləğin 5 046 000 avrosu Çempionlar Liqasının təsnifat mərhələlərində, 7 844 000 avrosu Avropa Liqasının qrup mərhələsində, 308 000 avrosu isə Konfrans Liqasının pley-off mərhələsindəki çıxışına görə kluba ödənilib.
Buraya iştirak haqqı, performans bonusu, əmsala və pley-offa vəsiqəyə görə ödənilən vəsait, eləcə də reklam gəlirləri daxildir.
Qeyd edək ki, "Qarabağ" ötən mövsüm Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubuna penaltilər seriyasında uduzaraq avrokuboklarda mübarizəni dayandırıb.