"Qarabağ"ın yeni transferi Mateus Koxalski "Turan Tovuz"la görüşdən sonra jurnalistlərə müsahibə verib.
Apasport.az saytı həmin müsahibəni təqdim edir.
Polşalı qolkiper "Qarabağ"a keçidindən və komandadakı hədəflərindən söhbət açıb:
- "Turan Tovuz"a məğlubiyyəti necə şərh edəcəksiz?
- "Qarabağ"ın potensialına bələdəm. Düzdür, "Turan Tovuz"a uduzduq. Sadəcə, bu oyunda tam yaxşı oyunumuzu nümayiş etdirməyimiz alınmadı. Lakin mən komandama inanıram. Bu oyundakı səhvləri təkrarlamamağa çalışacağıq.
- "Qarabağ"a transferin necə reallaşdı? Necə oldu ki, bu komandaya keçməyə razılıq verdin?
- Bilirsiz, "Qarabağ" böyük klubdur. Avropada da tanınmış bir kollektivdir. Hər mövsüm Çempionlar Liqası, avrokuboklarda çıxış edirlər. Hədəf daim çempionluğu qazanmaq, Çempionlar Liqasında oynamaqdır. Düzü, bu cür turnirlərdə oynamaq uşaqlıq arzum olub. Seçimimdə bunlar rol oynadı.
- Bəs, "Qarabağ"ın əsas qapıçısı ola biləcəksən?
- Bunun üçün hər şeyi edəcəm. "Qarabağ"ın bir nömrəli qolkiperi olmaq üçün ən yaxşısını etməyə çalışacam. Oynamağım vacibdir.
- "Qarabağ"ı qarşıda "Dinamo" (Zaqreb) klubuna qarşı Çempionlar Liqasının pley-off mərhələsində vacib cavab görüşü gözləyir. Həmin oyunda komandanın şanslarını necə dəyərləndirirsən?
- "Qarabağ"ın "Ludoqorets"lə oyununa baxmışdım. Həmin vaxtı heç komandaya qoşulmamışdım. Bilirəm ki, "Qarabağ"ın çox qol vurmaq potensialı var. Həmin oyunda da bunu göstərdi. "Dinamo" ilə ilk oyunu xatırlayaq. Orada xeyli qol şansları yaratdıq. Sadəcə, təəssüf ki, onlardan yararlanmaq alınmadı. Ümid edirəm ki, Bakıdakı matçda lazımı səviyyədə qollar vura biləcəyik.
- "Qarabağ"ın avrokuboklardakı ev oyunları Tofiq Bəhramovda keçirilir və stadion tam dolur, atmosfer də yaxşı olur. Özünü hazır hesab edirsən buna?
- Şübhəsiz ki, hazıram. Mən Polşada oynayanda, 20-30 min azarkeş qarşısında oynamağa öyrəşmişəm. Ona görə də, indi də hazıram. Təbii ki, meydana çıxası olsam, özümü hazır hesab edirəm. "Qarabağ"a bütün gücümlə kömək etməyə hazıram.
- Bəs, "Qarabağ"a, Azərbaycana tam olaraq uyğunlaşmısan?
Heç bir problem olmadı. Çünki komandada hər kəs mənə bunun üçün kömək oldu. Bazadakı işçilər də, kömək olmağa çalışdı. Uyğunlaşmaqla bağlı çətinliyim olmadı. Hər şey də yaxşıdır.