Qurban Qurbanov: "Azarkeşlər üçün əla futbol var idi"
21.04.2023 - 22:37
Qurban Qurbanov: "Azarkeşlər üçün əla futbol var idi"

"Çox maraqlı oyun oldu. Dramatik matç keçdi. Azarkeşlər üçün əsl futbol var idi. Əlbəttə ki, qalib gəlmək istəyirdik. Çox yaxşı da hazırlaşmışdıq. Amma "Zirə" sona qədər düzgün və yaxşı mübarizə apardı. 0:2-dən sonra 8 dəqiqə oyunu əldən verdik. Lakin sonradan yenidən oyunu ələ aldıq. Xeyli sayda qol epizodları var idi. Maraqlı görüş oldu. Bəlkə də, hər 2 komanda 1 xala layiq idi. "Zirə"yə uğurlar arzulayıram. Qarşıdakı matçlara hazırlaşacağıq".

Apasport.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXXI turunun "Zirə" ilə 2:2 başa çatan oyundan sonra keçirilən mətbuat konfransında deyib.

– Sona qədər əvəzetməyə getmədiniz. Bu nə ilə bağlı idi?
– Oyunçular var idi. Sadəcə oyun pis getmirdi. Tam düşündüyümüz kimi hücumları qurub, oyuna nəzarət edirdik. Düzü, bir az ehtiyat etdim. Yassin Benzya, Filip Ozobiç, Redon Cica ehtiyatda vardı. Sadəcə, onlar çoxdandır ki, oynamırdılar. Belə oyunda ritmi itirə bilərdik. Ona görə də ehtiyat etdim. Amma futbolçularımız meydanda 90 dəqiqə dözdülər. Hər oyunda rotasiya edirdik. Amma onların da 90 dəqiqə meydanda olması vacib gəlir. Ciddi səbəb yoxdur. Qarşıdakı matçlarda hansısa dəyişiklik ola bilər.

– Artıq 2 oyundur ki, "Qarabağ" xal itirir. Bunun səbəbi nədir?
– Səbəbi yoxdur. Futbolun silinməyən qanunlarındandır. Bəzən komanda hardasa müəyyən müddət xal itkisinə məruz qalır. Rəqiblərimiz də çox ciddi hazırlaşırdılar. Komandamın oyunundan, futbolçuların matça yanaşmasından razı qaldım. Bu cür davam etsək, istəkli, dinamik matça üstünlük versək, qarşıdakı matçlarda daha yaxşı nəticələrimiz olacaq.

– Musa Qurbanlı ilə "Torino" maraqlanır...
– Elə bir şey yoxdur. Xəbər olsa, bildirərdik.

– İcarədə olan futbolçularınız var. Onları yayda geri qaytarmaq ehtimalı var?
– Yaxından izləyirik, hər biri nəzarətdədir. Bizə aid olan futbolçular onsuz da bizə aiddirlər. Bu məsələyə mayda baxılacaq. Ondan sonra tam qərar veriləcək. Hər bir oyunçumuz nəzarətdədir.

writer photo
Əlirza Əlirzalı
0