“Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi. Gərginlik həddindən artıq hiss olunurdu. Buna baxmayaraq, futbolçular özlərini peşəkar və soyuqqanlı apardılar”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin III turunda “Olimpiakos” üzərində 3:0 hesablı qələbəni dəyərləndirib: “Bizim üçün vacib oyun idi. Dəyərli 3 xal qazandıq. Yaxşı oyun sərgilədik və futbolçulardan çox razı qaldım. Televiziya qarşısında fərqli görünə bilərdi, amma canlı tam fərqli idi. Futbolçular matçın sonuna qədər özlərini düzgün idarə edə bildilər. Bu, çox önəmli idi. İlk və ikinci hissədəki gərginliklər tamam fərqli idi. Hesabda öndə olanda bəzən futbolçu hansısa epizodlarda ehtiyatlanır”.
Qurbanov “Olimpiakos”un görüşə sürətli başlamasının Yunanıstan təmsilçisinin aktivində xalın olmaması ilə əlaqələndirib: “Rəqibin sıfır xalı var idi və qalib gəlməyi çox istəyirdilər. Evdə oynayan komanda ilk dəqiqələrdən daha sürətli oynaya və təzyiq göstərə bilər. İkinci yarıda rəqibdə boşluqlar daha çox oldu və bundan yaxşı istifadə edə bildik”.
Qeyd edək ki, “Qarabağ”la “Olimpiakos” arasında növbəti oyun oktyabrın 13-də Bakıda keçiriləcək.