“Maraqlı oyun oldu, bol qollu, azarkeşlər üçün yaxşı mübarizə alındı”
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II tənifat mərhələsində “Sürix”lə keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.
Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçrə təmsilçisini 3:2 hesabı ilə məğlub edən Azərbaycan çempionu iyulun 27-dəki cavab matçı öncəsi üstünlüyə yiyələnib.
Qarşılaşmadan sonrakı mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Futbola aid hər şeyi meydanda gördük. Futbolçularım çox əziyyət çəkdilər, çox istəkli idilər. Yaxşı komandaya qarşı çıxış etdik. İstənilən halda çəkinmədik, daim rəqibin üzərinə getməyə çalışdıq”.
- Şahruddin Məhəmmədəliyev möhtəşəm çıxış etsə də, sonda “minası partladı”. Digər tərəfdən düşünmürsünüz ki, Toral Bayramov üçün avrokuboklar tezdir?
- Daha nə qaldı? (gülür). Biri “partladı”, birinə tezdir. Futbolçuların işi çətindir. Hər bir insan özünü düzgün idarə etmək üçün böyük olmalıdır. Ümumilikdə, Şahruddinin epizodunu səhv deməzdim. Bəlkə təcrübəsinə görə belə alındı. Toralı isə ötən il də avrokubok oyunlarına buraxmışıq. Penalti epizodunda qarışıqlıq oldu. Bu, xırda texniki səhvlərdir. Bunu aradan qaldırmaq asandır.
- 10 dəfə künc zərbəsindən yararlandınız. “Lex”lə görüşdə də buna bənzər statistika yarandı. Standart vəziyyətlərdən qolun vurulmaması sizi narahat etmir?
- Deməzdim. Çox nadir komandalar var ki, ilboyu oyunu onun üzərində qururlar. Bəlkə yaxşılaşdıra bilərik. Vacib bir oyunda standart vəziyyətdən qol vurarıq. Rəqib də bu gün standart vəziyyətdə yaxşı idi.
- “Sürix” ikinci hissədə cinahlara üstünlük verdi və qapınızda 2 qol gördünüz. Bu, cavab görüşü üçün sizi narahat etmir?
- Orada necə oynayacaqlarını bilmək olmaz. Əvvəlki oyunda 3 hücumçu ilə çıxmışdılarsa, bu dəfə daha çox 2 nəfərlə hücum edirdilər. Futbol belə elementlər üzərində qurulub. Oyunun anında hansısa epizodda diqqətsiz olsan rəqib cəzalandıra bilər. Önəmlisi odur ki, rəqibi detallı təhlil elədik.
- Rəqibin baş məşqçisi hələ də şansları yarı-yarıya qiymətləndirdi. Bu, real yanaşmadır?
- Mən də “Lex”lə ilk oyundan sonra şansları yarı-yarıya saymışdım. Məncə, normaldır. Bir az özünəinam ola bilər. Bu da hər birimizdə var. Ora hesabı qorumaq üçün yox, oyunumuzu daha da yaxşılaşdırmaq, qələbə qazanmaq üçün gedəcəyik.
- İlk 15 dəqiqəni tamamilə hücumda keçirməyiniz rəqibi yormaq məqsədi ilə edilmişdi?
- Ümumən ilk hissə boyu rəqibin meydanında olduq.
- “Sürix”in ikinci qolundan sonra Şahruddinlə söhbət etdiniz. Orda nələr dediniz?
- Bu, sadəcə aramızda olan müzakirədir. Danışırdıq.
- Həm “Lex”lə oyunlarda, həm də bu gün “Qarabağ”ın hücumameyilli çıxışını gördük. Bu, yeni fəlsəfədir?
- Əvvəllər ola bilər ki, bir qədər az alınıb, indi daha çoxdur. Komandanı belə hazırlamaq istəyirik. Müdafiə düşüncəsini futbolçulardan uzaqlaşdırmaq istəyirik. Bizim daha çox düşüncəmiz hücumda ola-ola müdafiə olunmaqdır. Ola bilər təcrübə, özünəinam artdıqca futbolçular bunu daha inamlı, ürəkli edirlər.
- Rəqibin ilk qolunda oyundankənar vəziyyət olduğunu düşünmürsünüz?
- Bəli, ofsayda oxşadı.
- Vadjinin bugünkü oyunu ona əlavə motivasiya verəcəkmi?
- Vadjinin bəzən texniki səhvləri ola bilər, amma faydalı iş əmsalı çoxdur. Mənim narahat olduğum futbolçunun qol vurandan sonra xülyalarda olmasıdır. Bu performansın Vadji üçün faydalı olmasına çalışacağıq və qarşıdakı matçlarda daha çox qol vurmasını tələb edəcəyik?
- Rəqibin baş məşqçisi bildirdi ki, ədalətli hesab heç-heçə olardı. Həmçinin ikinci hissədə “Sürix”dəki dəyişikliklərin oyunun axarına da təsiri oldumu?
- Bizim qol imkanlarımız daha çox oldu. 3:2 biz qalib gəlmişiksə, deməli, üstünlük bizim tərəfimizdə idi. Qolları fərdi səhvlərdən buraxdıq. Sadəcə, ikinci hissədə bizə qarşı təzyiq çox oldu, rəqib irəli çıxdı. Hiss olundu ki, qalib gəlmək üçün irəli çıxmaq lazımdır.
Ruslan Sadıqov