Qurban Qurbanov: “Çox əziyyət çəkdilər"
16.10.2022 - 19:27
Qurban Qurbanov: “Çox əziyyət çəkdilər"

“Çox vacib üç xal qazandıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Misli Premyer Liqasının X turunun “Sumqayıt”la ev oyunundan sonra “CBC Sport”a açıqlamasında görüşü dəyərləndirib: “Yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Müdafiədə çox intizamlı idilər. İlk hissədə bunu çox hiss etdik. İkinci yarıda bir az rotasiyalardan sonra demək olar tam əksini gördük. Matçın sonlarına yaxın futbolçularımız daha rahat oynamağa başladı. Amma çox ciddi bir rəqibə qarşı oynayırdıq. Samir Abasov bu komandaya gələndən sonra tam fərqli bir istək, fərqli nizam-intizam dərhal görünür. Düşünürəm ki, qarşıda daha yaxşı və daha yaxşı nəticə verən “Sumqayıt” görəcəyik. Futbolçularımı təbrik edirəm. Həqiqətən də çox əziyyət çəkdilər və şükürlər olsun vacib üç xal qazandıq”. 

Qurbanov heyətdəki rotasiyalara da toxunub: “Birinci hissədə komandanın məni tam qane etdiyini deyə bilmərəm. Amma bir məşqçi olaraq bunu başa düşürəm. Çünki təkcə oyunçular deyil, həm də mövqelər dəyişmişdi. Ona görə bir az çətinlik var idi. Birinci hissədə bəzi yerdəyişmələr də etdim ki, məşqdə hazırladıqlarımız alınmırdı. Amma ikinci hissədə hərə daha çox öz yerində oynadı və bir-birini daha rahat başa düşməyə başladılar. Ümumən razı qaldım ki, hər şeyi düzgün etmək üçün çalışırdılar”.

50 yaşlı mütəxəssis Kevin Medinanın cinahda oynamasına da münasibət bildirib: “Bu, rotasiya ilə bağlıdır. İstəyirdim ki, hər üçü – Maksim, Kevin və Rahil oynasın. Həm də hücum xəttində 11 nəfər oynatmaq üçün çatışmazlıq var idi. Buna görə də Toralı sağda, İsmayılı solda oynadırdım və belə addım atmışdım. İkinci hissədə yenidən öz mövqelərinə qayıtdılar və daha rahat oldu”.

Qeyd edək ki, “Azərsun Arena”dakı matçda meydan sahibləri əzmkar qələbə qazanıb – 3:1.

writer photo
Əlirza Əlirzalı
0