Qurban Qurbanov: "Dedim, narahat olmayın ki, məğlub olacağıq" - MÜSAHİBƏ
01.10.2022 - 20:33
Qurban Qurbanov: "Dedim, narahat olmayın ki, məğlub olacağıq" - MÜSAHİBƏ

“Oyundan əvvəl də demişdim ki, hər iki komandanın azarkeşlərinin razı qalmasını istəyirəm".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VIII turunda evdə “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

50 yaşlı çalışdırıcı matçın ardından mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Yəqin ki, azarkeşlər oyundan həzz aldılar. Nəticə vacib idi. Amma 90 dəqiqə oyunun içində olmaq və qələbə üçün sona qədər düzgün oynamaq çox vacib idi. Bunu gördüm. İlk hissədə xeyli anlaşılmazlıqlar oldu. Buna normal baxıram. Çünki neçə vaxt idi bir yerdə normal məşq edə bilmirdik. Belə texniki səhvlər gözləyirdim. Həm çox qol oldu, həm qol imkanları. Açıq futbol getdi. Yaxşı futbolçuları olan güclü kollektivə qarşı oynadıq. Topla yaxşı davranırdılar, futbolçularının ustalıq səviyyəsi yüksəkdir. Belə azarkeş qarşısında oynamaq da yaxşı idi. 3:1 hesablı qələbəyə baxmayaraq, çox səhvlərimiz oldu. Bunları tez aradan qaldırmalıyıq. Qarşıdakı oyunlarda daha diqqətli olacağıq".

- İlk hissədə yaradılan qol epizodlarını dəyərləndirə bilməməyiniz sizə qarşıdakı matçlarda problem yaratmaz?
- Bu, futbolun incəlikləridir. Rəqibi, oyun stressini, texniki hazırlığı da nəzərə almaq lazımdır. Futbolun özəlliyi odur ki, yüz faizlik şansı qaçırırsan, heç nədən qol vurursan. Gələcəkdə daha diqqətli olmalıyıq.

- Uzun fasilədən sonra Kevin Medina və Maksim Medvedev “23-lüy”ə salındı. “Olimpiakos”la görüşdə onları meydanda görə bilərik?
- Ola bilər ki, start heyətində olmasınlar. Amma ehtiyac olarsa, meydana buraxacam. Fiziki hazırlıqlarında çatışmazlıqlar var. Bu da oynamamaları ilə bağlıdır.

- 15-ci ildir ki, “Neftçi”yə qarşı derbidə iştirak edirsiniz. Rəqib yeni baş məşqçi ilə hansı planda diqqətinizi çəkdi?
- Çox planda diqqətimi çəkdi. Öz oyun üslubları var. Hər bir detalı açıqlasam düzgün çıxmaz. Bəzi elementlərə hazırlaşmışdıq, pis də alınmırdı. Ümumilikdə yaxşı texniki futbol göstərməyi bacarırlar. Futbolçu seçimləri də maraqlıdır. Özlərini meydanda çox rahat hiss edirlər. Bu, hər bir komanda üçün çox vacibdir. “Neftçi” elə komandadır ki, istənilən rəqibə 5-6 qol vura bilər. Diqqətsiz yanaşsaq, hansısa epizodu nəzərdən qaçırsaq, cəzalanacağıq. İlk hissədə də belə oldu. Get-gedə onları öz meydanlarında qarşılamağa başladıq. “Neftçi”yə qarşı oynamaq mənə xoşdur.

- Fasilədən sonra əvəzetmə etməsəniz ki, fərqli oyun göstərdiniz. Fasilədə oyunçulara nə dediniz?
- Oyunun gedişatı pis deyildi. Hiss edirdim ki, sürəti artıracağıq. Çünki uzun fasilədən sonra oyunçular meydana qoşulmağa çətinlik çəkirdilər. Zubirdən, Kadidən də çox top itkiləri gözlənilmirdi. İkinci hissədə təcrübəmiz daha çox rol oynamalı idi. Dedim, narahat olmayın ki, məğlub olacağıq. Oyun pis getmirdi. Sadəcə, rəqibin əks-hücumlarına diqqət yetirməyi tapşırdım. Əks-hücumlara çox yaxşı çıxırlar.

- “Olimpiakos”la görüşdə azarkeşlər sizdən qələbə gözləyirlər...
- Azarkeşlərimiz həmişə bizə inanırlar və bütün komandalara qarşı matçda qələbə gözləyirlər. Onların bu istəyi bizi daha məsuliyyətli edir. Biz də çalışırıq ki, istənilən rəqib önündə yaxşı nəticə əldə edək. Mənim üçün bu oyuna hazırlaşmaq çətin olacaq, nəinki rəqib üçün. Çünki yeni baş məşqçilərinin hansı üslubda oyun seçəcəyini bilmirəm. Əməkdaşımız Yunanıstandadır, onların çempionat oyununu izləyəcək. Qələbə qazanmaq şansımız varsa, bundan maksimum istifadə edəcəyik.

- Səfər öncəsi sizi ən çox narahat edən nədir?
- Narahatlığım yoxdur. Hazırlığımızda çatışmazlıqlar ola bilər. Çünki yeni baş məşqçiləri var. Fərqli sistemdə çıxış edə bilərlər. Bu məşqçi sistem dəyişiklikləri edir. Mənim üçün vacib olan futbolçularımın sağlamlığıdır. Marko Yankoviçin durumu hələ bəlli deyil. Millidə zədə almışdı. Bu gün sanki yaxşı idi. Amma isinmə hərəkətlərindən sonra ağrı hiss elədi.

- “Neftçi” bir hissə sizə müqavimət göstərdi. Belə təəssürat yaranır ki, “Qarabağ” daxildəki rəqabətdə qarşısıalınmazdır. Bu, sizi narahat etmir?
- Biz çox istəyirik ki, minimum tempi qoruyub saxlayaq. “Neftçi” elə komandadır ki, ikinci hissədə tam əksi ola bilərdi. Sadəcə, ikinci hissədə bizdə yaxşı alındı. Bunu düşünərək, qarşıdakı matçlara daha ciddi yanaşmalıyıq. Dekabra qədər çox sıx qrafikimiz başlayır. Burada psixoloji yorğunluq, zədələr var. Vacib dönəmə başlayırıq. Əldə edəcəyimiz hər xal vacibdir. İstənilən komanda ilboyu eyni formada ola bilməz. Düşünmədiyimiz rəqiblərlə matçlarda belə xal itirə bilərik. Komandanın performansını qorumağa çalışacağıq. “Sabah” və digərləri də bu mübarizədə olacaq. Çox gərgin mübarizə gedəcək.

- “Zirə” ilə oyundan sonra azarkeşlər bildirdilər ki, Qurban Qurbanovla Rəşad Sadıqov arasında ilk dəfə gərgin mübarizə oldu. Matçın ardından Sadıqovla söhbətiniz oldu?
- Rəşadla çox yaxın dostuq. Dostluğumuzun gücü də ondadır ki, idmanda bir-birimizə güzəştə getmirik. Ona görə də ildən-ilə dostluğumuz daha da möhkəmlənir. Mövzudur, danışırlar. İnsanların hamısının düşüncəsi eyni ola bilməz. Biz Rəşadla həmişə bir-birimizin üzünə dik baxmışıq. Hətta öz aramızda futbol oynayanda aramızdakı mübahisəni görsəniz, bunun heç nə olduğunu deyərsiniz. Tez-tez söhbətləşirik, danışırıq. Dostluğuma sadiqəmsə, heç bir narahatlıq ola bilməz.

- Elvin Cəfərquliyev və Toral Bayramovu tez-tez dəyişirsiniz. “Qarabağ”ın ən zəif mövqeyinin sol cinah olduğunu hesab etmirsiniz?
- Ola bilər ki, hansısa elementlərdə zəiflik olsun. İnsan var ki, 20 yaşında tam formalaşır, kişiləşir, daha da böyüyür. İnsan da var ki, 23-25 yaşında formalaşmağa başlayıq. Ola bilər ki, həm Toral, həm də Elvində tez böyümək çatışmır. Amma hücumlarımıza baxsanız, digər elementlərdə onlardan yoxdur. Üstün cəhətləri qoruyuruqsa, qalan məsələlər düzələcək. 3-4 oyun yaxşı olurlar, sonra tempi qoruya bilmirlər. Hər ikisi böyüyəcək. Onlar həm sevimli, həm dəcəl, həm də güvəndiyim futbolçulardandır. Qarşıda yaxşı oyunlar göstərəcəklərinə inanıram.
 

writer photo
Əlirza Əlirzalı
0