Qurban Qurbanov: "Əsl final kimi oyuna hazırlaşmışıq"
27.08.2024 - 17:57
Qurban Qurbanov: "Əsl final kimi oyuna hazırlaşmışıq"

"Dinamo" ilə oyunun mahiyyəti bəllidir. Çox vacib matçdır. Hesabda geridə olsaq da, Çempionlar Liqasının qrupunda iştiraek etmək böyük şansdır. Komanda pis hazırlaşmayıb. Hər şey qaydasındadır. Üç top hesabı ilə geridə olsaq da, inamımız böyükdür, hazırlığımız yaxşı keçdi. Qalibiyyət üçün hər şeyi etməyə çalışacağıq. İstərdik ki, azarkeşlərimiz oyunumuzdan razı qalsın. Əsl final oyunu kimi hazırlaşmışıq. Rəqibimizi tanıyırıq, bilirik, ambissiyalı komandadır. Onların da üstünlüyü bizdən çox görünə bilər. Amma hər bir halda komandama inanıram, güvənirəm. Sabah yaxşı nəticə üçn hər bir futbolçu karyerasının ən yaxşı oyununu oynamalıdır. Bunu da onlardan gözləyirəm".

Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis daha sonra jurnalitlərin suallarını cavablandırıb: 

- Sabah burada da uduzsaz, şəxsi faciə hesab etməyəcəksiz?
- Əlbəttə ki, yox. Əgər hər bir məğlubiyyəti faciə kimi düşünəcəyiksə, bu sənətdə işləməyə dəyməz. Çünki idmanda nəticə, məğlubiyyət, bərabərlik olur. Bunlara hazır olmalıyıq. Biz ümumi işimizə dəyər verməliyik. Bir şeyə əmin olmuşam ki, biz hər oyuna çox məsuliyyətlə yanaşmışıq. Geridə nəsə alınmayıbsa, məsuliyyətsizlikdən bir şey olmayıb. Sadəcə burada rəqibin üstünlüyü olub, ya hansısa digər detallar olub. Hər bir halda, biz məğlub oluruqsa, nəticə çıxarırıq, sabah qalib gəlmək istəyirik. Bu oyuna vaxtımız var. Bu matçda məğlub olmaq istəmirik.

- Sabah qapıda Koxalski olacaq, yoxsa Buntiç olacaq?
- Sabaha kimi vaxtımız var. Oyuna qədər tam qərar verəcəyik. 

- Komandada zədəlilərin durumu nə yerdədir?
- Marko Veşoviçdə durum pis deyil. Ötən gün komandaya qoşulub. Bu gün də komanda ilə məşq etməlidir. Sabah həkim müayinəsindən sonra ən azından 23-lükdə olsun. Marko Yankoviç fərdi məşq edir.

- Julio Romanonun cəzalı duruma düşüb-düşməməsi haqda arxayınçılığınız var idi? Çünki bəziləri bildirirdi ki, cəzalı durumdadır...
- Reqlamentə əsasən, 3 sarı vərəqə alan futbolçu cəzalı duruma düşür. Sadəcə orada bir nüans var idi, o bəndi incələmək lazım idi. Biz ilk turu buraxmışdıq. Üç tur dalbadal sarı vərəqə almalıdır. Narahatçılıq var idi. Arxayınçılığımız var idiki, Romao oynayacaq. Amma yenə də, qəti hazırlıq kağızı istəyirdik UEFA-dan. Elə dünən cavab gəldi. Qeydləri göstərmişdik. Dedilər ki, siz haqlısız, Romao oynayacaq.

- Sabahkı oyunda necə oynaycaq komanda?
- Qarşımızda 3:0 öndə olan böyük təcrübəyə malik "Dinamo" var. Bəzən təkcə cəsarət, istək olanda "yana" bilərik. İstəyimiz alınmaya bilər. Rəqibi çox yaxından tanımalıyıq. Sabah mütləq şəkildə təzyiq etməliyik. Amma ağıllı etməliyik. Çünki səfərdə də rəqibin əks-hücumlarda necə təhlükəli olduğunu gördük. Buna hazır olmalıyıq. Onlar da buna hazırlaşıb. Açıqlamalarından bunu görürəm. Tam əksi də ola bilər. Rəqib də bizə təzyiq göstərə bilər. Bunların hamısına hazır olmalıyıq. İstənilən təzyiqə dözməliyik. Ağıllı və cəsarətli olmalıyıq. Hazırlıq buna doğru da gedir. Etdiklərimizi daha da yaxşılaşdırmalıyıq. Səfərdə də xeyli sayda qol epizodları oldu. Qapıçıları da yaxşı oynadı. Görünən odur ki, daha səliqəli, daha dəqiq oynamağa çalışmalıyıq.

- Bu yay transfer çalışmalarını bitmiş saymaq olar?
- Axtarışlar gedir. Müddət azdır. Azad agenti gətirmək problem olmayıb. Belə olarsa, axtarışları davam etdirəcəyik və "yox" deməyəcəyik. Ehtiyac var. Ən pis halda, əlimizdəki futbolçular yetəri qədərdir. Olsa, edəcəyik.

- Səfərdə uduzsanız da, sizə inam böyükdür. Bu inamın qarşılığında nə deyə bilərsiz?
-Oyundan sonra da inamım itmədi. Gedişatda hamı fərqli düşünə bilərdi. İlk oyun bitən kimi inamım itmədi. "Qarabağ"ın da gücü, xarakteri bundadır. Azarkeşlər hesabdan asılı olmayaraq, bizə güvənib gəlirlərsə, bizim də onları sevindirməkdən çıxış yolumuz yoxdur. Fikirlərimiz üst-üstə düşür.

- Sabahkı oyunun ab-havası 15-16 illik "Qarabağ" karyeranızda hansı oyunu xatırladır?
- Bu barədə düşünməmişəm. Deyəcək bir söz yoxdur. Hamı ola bilər ki, bizdən 0:3 gözləmirdi. Amma futbol elə səviyyədədir ki, güclü rəqiblər belə, 4-5 qolu rahat vurur. Buna baxmayaraq, bizim kimi klublarda belə şans çox ələ düşmür. İlk dəfə ÇL-in pley-off mərhələsinə düşəndə, ÇL-in himninin Bakıda səslənməsi barədə danışırdılar. Deyirdilər, o da bəsdir. İndi qrupları istəyirik. Məsuliyyətdir. Azarkeşlərin güvənini qazanmaqdır. Çalışıram ki, onların istəyi, arzusu real olsun. Məsuliyyət budur. Hansısa oyunla müqayisə edə bilməyəcəm. İnanmıram ki, hansısa oyunda məsuliyyət olmasın. Hər oyun deyirlər ki, "Qarabağ"dan uğurlu nəticə gözləyirik, qalib gəlməlidir. Bu şans hər dəfə olmur. Bu şansdan maksimum istifadə etmək istəyirik. Qarşımızdakı rəqibi nəzərə almaq lazımdır. Belə rəqiblərə qarşı oynamaq həmişə xoş olub. Bu cür komandanı udmaq daha böyükdür.

- Ötən mövsüm "Dinamo" ilk oyunda ÇL-in pley-off mərhələsində "Sparta"ya 3:1 qalib gəlsə də, cavab görüşündə 1:4 uduzdular. Konfrans Liqasının 1/8 mərhələsində isə PAOK-a 2:0 qalib gəlsə də, səfərdə 1:5 uduzdular mərhələni dayandırdılar. Bu detala diqqət etmisiz?
- Baxmışam, maraqlanmışam. Hər buraxılan qollara, vurulan qollara baxmışam. Təcrübəli məşqçiləri var, yaxşı kollektivdir. Böyük klubdur. Belə nəticələr onları daha da məsuliyyətli edir. Onlar özləri də bunu düşünürlər. Bu oyunda daha məsuliyyətli olacaqlar. Hər bir oyunları ilə maraqlanmışam.

- Penaltilərə hazırsız?
- Hazırıq. Hər bir mübarizəyə hazırıq. Azarkeşlər bizə güvənirsə, bizdən qələbə gözləyirlərsə, nəinki 90 dəqiqə, 120 dəqiqə meydanda vuruşmağa hazırıq. Penaltilər sonranın işidir. Əsas ilk 90 dəqiqədə çalışacağıq ki, intizamlı oyunumuzu göstərək, nəticə verək. Çox istəyərdik ki, hər şey 90 dəqiqədə həll olunsun.

writer photo
Əlirza Əlirzalı
0