"Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu gün nəticə, oyun öz yerində, meydanda sona qədər mübarizə aparan komanda görmək istəyirdim. Bunu da gördüm. Böyük təşəkkürümü onlara bildirdim. Bu gün azarkeşlərimiz bu cür soyuq havada, sizlər (mətbuat əməkdaşlarını nəzərdə tutur – red.) gecənin bu vaxtında yanımızdasınız. Pley-off mərhələsində ilk qələbəmiz idi. Bu, gələcək üçün vacib idi. Futbolçular üçün, klub üçün də çox önəmli idi. 2-ci matçın nəticəsindən asılı olmayaraq, bu belədir. Dinamik, bərk komandaya qarşı oynayırdıq. Belə komandalara qarşı oynamaq hər zaman xoşdur. Öz meydanında nə etmək istədiklərini yaxşı bilirdilər. Çox sürətli idilər. Belə komandalara qarşı oynamaq böyümək üçün fürsətdir, şansdır. Bu şansdan istifadə etdik. Belə komandaya qarşı sona qədər dözürüksə, futbolçularda inam çoxalır. Klubun böyüməsi üçün çox önəmli oyun idi. Cavab matçı var. Qarşıdakı oyunlarda bu matçı analiz edib, oyunlara hazırlaşacağıq".
Apasport.az-ın xəbərinə görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, "Qarabağ"ın Belçikanın "Xent" komandasını Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında 1:0 məğlub etdiyi oyundan sonra mətbuat konfransında sualları cavablandırıb:
– Yeni gələn futbolçular haqda nə düşünürsünüz?
– Hər birindən razı qaldım. Əlbəttə ki, bu gün tam istədiyim performansda deyillər, optimal formalarından uzaqdırlar. Vaxt lazımdır. İşlər heç də pis getmir. Çox məsuliyyətli futbolçulardır. Meydanda olanlar qələbə üçün var gücünü meydanda qoydu.
– "Qarabağ" hücuma çıxarkən qapıçıdan başlayır. Bu gün isə top meydanın mərkəzinə atılırdı. Bu, rəqibə özəl seçilmişdi, yoxsa Şahruddinin yoxluğuna görə idi?
– İlk hissədə çox da risk etmədik. 2-ci hissə bəzi gedişatlar etdik. Çünki rəqib 90 dəqiqə aqressiv pressinq edir. Onlarda geriyə addım yox idi, ancaq irəli gedirdilər. Ona görə uzun və 2-ci top üzərində daha çox çalışmışdıq. Bu komandanın hücum potensialı çox yaxşıdır, bir-birilərini yaxşı anlayırlar. Çalışırdıq ki, rəqibi qapımızdan uzaq saxlayaq.
– Rəqibin baş məşqçisi bildirdi ki, sürpriz "Qarabağ"da qapıçı seçimi idi. Niyə Amin Ramazanov yox, Luka Quqeşaşvili qapıda dayandı?
– Bəlkə də buna dəqiq cavab verə bilməyəcəyəm. Bəzən oyundan-oyuna hər oyunçunun psixoloji durumuna baxırsan. Oyunçu var, ola bilər ki, hansısa oyunda "yana" bilər, qarşıdakı oyunlarda bu ona təsir etsin. Əvvəlki oyunlarda Aminə üstünlük verdim. Oyunlar keçdikcə, bu oyun yaxınlaşdıqca, həyəcan çoxalırdı. Çox istəkli idi. Amma sonda qərar verdim ki, təcrübə daha çox rol oynasın. Aminə də güvənirik, qarşıdakı matçlarda oynamaq ehtimalı çoxdur. Xırda detallar var, deməməyim doğru olar. Bəzən qapıda dəyişikliklər etmişəm.
– Ramil Şeydayevlə danışdınız? Psixoloji durumu hazırda necədir?
– Məncə, indi normaldır. Oyundan çıxanda psixoloj durumunu düzəltməyə çalışdım. Ramil 7 penaltidən hamısından yararlanmışdı. Bəlkə 3-4-cü olsaydı, daha rahat vurardı. Futbolun özəlliklərindən biridir. Problem olmayacaq. Əksinə, çalışıb oyundan qol vurmaq lazımdır. Onun motivasiyası qarşıdakı oyunlarda daha yaxşı olacaq. Penalti vurmaması ona daha çox fayda olacaq.
– Sizcə, Leandru Andradi Kadinin boşluğunu doldura bilir?
– Heç vaxt olmayıb ki, hansısa gedən oyunçunun yerini kimsə doldurur, ya doldurmur deyim. Həmişə istəmişəm ki, futbolçularımın hamısı sağlam olsun. Bu gün heyətə baxsaq, çox dəyişiklik var idi. Kevin Medina yox idi, Kadi, Ovusu Kvabena, İbrahima Vadji gedib, Filip Ozobiç özünə yeni gəlib. Tək Kadi deyil, dəyişikliklər çoxdur. Kadinin hansı üstün cəhəti var idisə, ondan istifadə edirdik. İstəməzdim ki, hansısa futbolçumu yuxarıda tutum, hansınısa aşağıda. Kadidən də razı idim, Andradidən də razıyam. Mənim üçün önəmli olan bu oyunda tempə dözmək, rəqibdən çəkinməmək idi. Bəzi texniki səhvlər var idi. Andradi cavan oyunçudur. Daha çox oynaması lazımdır. Bu oyunlar onun üçün də təcrübədir. Leandrudan razı qaldım. Kadi ilə onu müqayisə etmək istəməzdim.