Qurban Qurbanov: “Komandamız tam optimal formasından uzaqdır”
18.07.2023 - 17:43
Qurban Qurbanov: “Komandamız tam optimal formasından uzaqdır”

“İlk matçımızı oynadıq. 2:1 qalib gəldik. Bizə heç də asan olmadı”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

51 yaşlı mütəxəssis Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln”la sabah keçiriləcək cavab oyunu ərəfəsində təşkil olunan mətbuat konfransına qatılıb. Qurbanov matç barədə fikirlərini açıqlayıb: “Hələ komandamız tam optimal formasından uzaqdır. Deməzdim ki, yetirmələrim tam istədiyi dinamikanı meydanda göstərir. Amma hazırlığımız yaxşı gedir. Matça ciddi yanaşırıq. Sabah bizi meydanda ciddi müdafiə olunan rəqib gözləyir. Bəzi elementlər var, onlara diqqət ayıracağıq. Futbolçularıma inanıram, güvənirəm. Yaxşı nəticə göstərmək istəyirik”.

- Azarkeşlər "Qarabağ"ı daha çox Tofiq Bəhramov adına Respublika Stadionunda görməyə alışıb. Onlara nə demək istəyərdiz?
- Biz Bakıdayıq. Bakı bizimdir. Hər bir yeri bizim üçün doğmadır. Azarkeşlərin rahatlığını da düşünmək istəyərdik. Oyunların çoxunu “Tofiq Bıhramov”da keçiririk. Hansı ki, bizə daha doğmadır. Futbolçular üçün bəlkə daha asandır. Azarkeşlərə də ora gəlmək daha asan olar. Amma Bakı Olimpiya Stadionunda da maraqlı oyunlar keçirmişik. Meydançanın durumu da futbolçuları qane edir. İnanmıram ki, azarkeşlər hansısa çətinliyə görə bizdən uzaq qalsınlar. "Qarabağ" azarkeşləri daha çox çətin anlarda komandanın yanında olublar. Buna çətin an deməzdim. Sadəcə ola bilər stadiona gəlməyə vaxt çox gedə bilər. Sabah azarkeşlərimizi burada gözləyirik. Onlar üçün maraqlı, baxımlı oyun oynamağa çalışacağıq.

- Bir neçə futbolçu getdi, yeniləri gəldi. Yaxın günlərdə heyətdə dəyişikliklər gözlənilir? Hansı mövqe üçün yeni oyunçular düşünürsüz?
- Deməzdim ki, ciddi dəyişiklik gözlənilir. Futbolçularımdan çox razıyam. Hansı mövqeyə hansısa oyunçunu yerləşdirsək, düzgün çalışırlar ki, yerinə yetirsinlər. Çox yaxşı kollektiv formalaşıb. Bir-iki əlavə oyunçu götürə bilərik. Olmasa da, indikilər bizi qane edir. Onlarla yaxşı kollektiv formalaşdırmağa çalışacağıq.

- Ötən mövsümkü bombardirlər komandadan ayrıldı...
- Çalışırıq ki, komandada yeni bombardirlər olsun. Hər birinə uğurlar arzulayıram.

- Bu stadionda avrokuboklarda "Qarabağ"ın qələbəsi yoxdur. Sindromu qıra biləcəksiz?
- Belə şeylərə baxan deyilik. Bu cür düşüncələrə diqqət ayırmaq istəmirik ki, burada qələbəmiz yoxdur. Allah qoysa, bu stadionda da uğurlu nəticələrimiz də olacaq.

Qeyd edək ki, “Qarabağ” səfərdəki ilk qarşılaşmada 2:1 hesablı əzmkar qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0