Misli Premyer Liqasının 4-cü turunun "Zirə" - "Qarabağ" (1:3) matçından sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bildirib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
"Fürsətdən istifadə edib, "Zirə"nin bütün kollektivinə, Rəşad Sadıqova, rəhbərliyinə təşəkkür etmək istəyirəm. Avrokuboklarda ölkəmizin reytinqinə nə qədər xallar əlavə etdilər. Bu Azərbaycan futbolu üçün böyük işdir. Çox böyük təcrübə topladılar. Yeni Avropa komandası yaratdılar. Azərbaycanlı olaraq hər birinə təşəkkür edirəm. Futbolçularımı təbrik edirəm. Vacib qələbə oldu. Yaxşı oyun oldu. Aktiv oyun göründü. Avropa təcrübəsi çempionat oyununa fayda verdi. Üstünlüyümüz oldu. İstirahət üçün bir gün vaxtımız daha çox idi. "Zirə" bir gün az istirahət etdi. Hər iki komandaya təşəkkür düşür. Azarkeşlərimizə təşəkkür edirəm. Bakıdan kənarda olsa da, bizə dəstək oldular. Bir neçə oyunçu istirahət edəcək, bəziləri milliyə yollanacaq. Onlara da uğurlar arzulayıram".
- Avropa Liqasındakı rəqiblər barədə fikriniz necədir? Bir də, format ürəyinizcədir?
- Tam dəyərləndirməmişəm. Maraqlı formatdı. Oyun sayı keçən ilkindən azdır. Çünki qrupda 6 oyunumuz var idi, sonra pley-off oyunlarına çıxdıq, 10 oyun keçirdik. Bu dəfə pley-offsuz minimum 8 oyun olacaq. Sonra necə olacaq, zaman göstərəcək. Maraqlıdır. 8 fərqli komandaya qarşı oynayacağıq. Azarkeşlər üçün maraqlı olacaq. Bizim üçün daha çətin olacaq. Komandanı oyundan-oyuna tanıyacağıq. Bu da işimizə mane ola bilər. Təqvim hamı üçün eynidir. Yaxşı komandalar var. Çempionlar Liqası səviyyəsində komandalar var. Sanki orada oynamağa layiqdirlər. İlk dəfə belə formatda keçirilir. Görək necə olacaq. Çalışacağıq ki, ölkəmizi layiqincə təmsil edək. Çalışırıq ki, azarkeşlər üçün yaxşı futbol oynayaq.
- "Qarabağ"a 8,6 milyon avro pul daxil olub. Onu necə xərcləyəcəksiz?
- Pul elə qüvvədir ki, gəlir və həmən gedir. Bizim də işimiz elədir ki, pul böyük köməkdir. Amma bu klubun bütün problemlərini həll edir demək deyil. Gedənlər çoxdur. Kənardan daha rahat görünə bilər. Minimum 4 səfərimiz var. Hərəsi nə qədər pul deməkdir. Çarter reysi var, oteli var, qonaqları var. İlboyu hər gün pul gedir, futbolçular, səfər, qidalanmaq, işçilərin maaşı. Pul köməkdir. Amma ondan daha çoxu xərclərimiz olur. Rəhbərliyimizi yaxşı tanıyıram. Pul "Qarabağ"dan başqa heç yerə getməyəcək. Heç bir narahatçılığa səbəb yoxdur.
- Juninyo sanki son matçlarda laqeyd görünür. Niyə belədir?
- Ola bilər. Bəzi epizodlarda hansısa diqqətsizlik olur. Amma rəqibləri də nəzərə almaq lazımdır. Ona çox ciddi yanaşırlar. Öz çempionatımızda da, avrokuboklarda da. Hər bir futbolçu ilə danışığımız olur. Nə qədər futbolçu uğurlu il keçirirsə, ona qarşı diqqət çox böyüyür. Bir yolu var, idman formasını daha da yaxşılaşdırmaq. Bunun üzərində mən başda olmaqla, məşqçilərin üzərinə böyük iş düşür. Ələlxüsus da fiziki məşqçilərin. Ki, hazırlıq səviyyəsi yaxşılaşsın. Digər tərəfdən, bəzən hansısa hədəfə çatanda, əldə etməyəndə, bir az istəksizlik olur. Ola bilər ki, son iki oyunda qol vura bilmədi, ÇL-in qrupuna düşmək istəyirdi. Ola bilər ki, təsir etdi. Potensialı var. Onun daha da yaxşı futbolçu olmaq potensialı var. Qarşıdakı matçlarda daha yaxşı Juninyo görəcəyik və görməliyik də.
- Avropa Liqasının komandalarından hansı ilə səfərdə, hansı ilə evdə qarşılaşmaq istəyərdiz? "Totenhem" və ya "Olimpiakos"la görüşlər...
- Real baxaq, bəlkə, saniyə olaraq beynimə gəlib-gedir. Ki, evdə oynasaq daha yaxşı olardı. Özüm üçün yox, azarkeşlər üçün. Futbolçuları canlı görərdilər. Belə oyunlarda təcrübə toplamaq, böyük futbolu hiss etmək faydalıdır. Bu haqda çox da düşünmürəm. Belə olubsa, demək, belə də olmalı idi.
- Addai haqda hansı fikirdəsiz?
- Normal dəyərləndirirəm. Rəqibimiz asan komanda deyildi. İlk oyunu idi. Son 3 ayda ilk oyununa çıxırdı. 80 dəqiqə meydanda oldu. Bundan əvvəl öz komandasında 45 dəqiqə yoldaşlıq görüşündə oynamışdı. Bir matçda da 60 dəqiqə yoldaşlıq görüşünə çıxmışdı. Fiziki göstəriciləri və komanda oyununa görə razı qaldım. Mentalitetə tam uyğunlaşdıqdan sonra daha yaxşı olacaq.
- "Tottenhem"i canlı izləmək üçün İngiltərəyə gedəcəksiz?
- Fikrimdə var. Biz nə qədər televiziya vasitəsilə izləsək də, canlı görmək başqadı. Oyun sistemini anlayırsız, futbolçuların sürətini, qabiliyyətini canlı görmək əlavə üstünlükdür. "Totetnhem" güclü olsa belə, onları daha da yaxından tanımaq vacibdir. Hər rəqibin oyununa baxmaq fikrindəyəm.
- Vaxtı ilə, "Qarabağ" "Tottenhem"ə qarşı oynayıb. Həmin "Qarabağ"la indiki arasında hansı fərqlər var?
- Avropa futbolu çox sürətli inkişaf edir. İngiltərə Premyer Liqasına baxsaq, bu gün bir nömrəli liqadır. Həm sürətinə, həm dinamikasına, həm heyətlərinə görə, həm maliyyə olaraq. Bir nöqsan yoxdur. Ələlxüsus da, ilk 7-8-ci yerdə qərarlaşan komandalar. "Totenhem"i, "Mançester Yunayted"i, "Arsenal"ı bir-birindən ayırmaq olmaz. Bir klubun 770 milyon büdcəsi varsa, çox da bu komanda haqda danışmağa ehtiyac yoxdur. Bir onu deyə bilərəm ki, çox aktiv pressinq edən komandadır. Dəlicəsinə pressinq edirlər. Təcrübəmiz var. Onlar yerində dayanmırlar, bizdən daha çox irəli gedirlər. Bütün struktur, futbolçuların hansı səviyyəyə gəlib çıxması yolunda o qədər işlər gedir ki, orada... Biz hələ çox uzaqlardayıq. Buna baxmayaraq, hər bir halda idmançıyıq, mübarizə aparmaq istəyirik. Təcrübəmizdən istifadə etməyə çalışırıq ki, layiqli oyun göstərək. İngiltərə Premyer Liqası digər ölkələri çox keçib.