Rahid Əmirquliyev: "Estoniyaya uduzsaq da, Byazi gedən deyil " - MÜSAHİBƏ 
17.06.2023 - 15:13
Rahid Əmirquliyev: "Estoniyaya uduzsaq da, Byazi gedən deyil " - MÜSAHİBƏ 

Azərbaycan milli komandasının sabiq futbolçusu Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

- Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçicəsində Estoniya qarşısına çıxacaq. Qrupdakı ilk iki oyundan sonra hansı nəticənin olacağını ehtimal edirsən?
- Əlbəttə ki, qrupa çox pis başlamışıq. İki biabırçı oyundan sonra Estoniyanı qəbul edirik. Rəqib dişimizə görədir. Qrupda qalib gələ biləcəyimiz bir rəqib varsa, o da Estoniyadır. İki biabırçı nəticədən sonra millimiz üçün fürsətdir. Həm qələbə qazanıb üç xala sahib çıxaq, həm də millətimizi sevindirək. Ən azından ağır məğlubiyyətlərdən sonra Estoniya üzərində qələbə qazanıb xalqı sevindirməlidirlər. Düzdür, çətin oyun olacaq. Estoniya da fikirləşir ki, dişinə görə rəqib elə Azərbaycandır. Biz onlara qalib gələ bilərik. Evdə Estoniya kimi milliyə qalib gəlməliyik. İnanıram ki, belə də olacaq.

- Estoniya millisinin səkkiz oyunçusu Bakıya gəlməyib. Səncə, bu, millimiz üçün hansısa üstünlük ola bilər?
- Əlbəttə, bizim üçün üstünlükdür. Amma bu o demək deyil ki, onlar Bakıya uduzmağa gəlib. Səkkiz oyunçunu əvəz etməyə futbolçuları var. Düzdür, Estoniyanın oyunçularını tanımıram, izləmirəm. Ancaq düşünürəm ki, aşağı-yuxarı əvəz etməyə eyni səviyyədə oyunçu tapılar.

- Azərbaycan millisinin hücum xəttində Mahir Emreli, Renat Dadaşov və Ramil Şeydayev olacaq. Əsas gözlənti onlardandır. Səncə, bu futbolçular həlledici rol oynaya bilər?
- Bizim millidə yaxşı, potensiallı futbolçular var. Legioner həyatı yaşayan, çempionatımızda yaxşı performans göstərən oyunçulara sahibik. Sevindirici haldır ki, Mahir, Renat az da olsa, bizi Avropada sevindirirlər. Üç nəfərdən bu oyunda gözləntilər çoxdur. Tək bu üç nəfərdən yox, millidən bu görüşdə gözlənti yüksəkdir. Onlar da bunu yaxşı başa düşürlər. Mahir, Renat, Ramil lider kimi önə çıxmalıdırlar. İnanıram ki, belə də olacaq.

- Əsas tənqid olunan Höccət Haqverdinin oynamasıdır, özü də sağ cinah müdafiəçisi kimi meydana çıxır. Səncə, Estoniyaya qarşı yenə oynayacaq, yoxsa sağ cinahda başqa futbolçular mübarizə aparmalıdır?
- Axır vaxtlar Höccəti çox tənqid edirlər. Onu bu oyunda Canni De Byazi oynadacaq ya yox, deyə bilmərəm. Baş məşqçi odur, öz fikri var. Mən onu deyə bilərəm ki, bizdə Höccətin yerinə oynamağa futbolçu var. Məcbur deyil ki, onu aparıb sağ cinahda oynatsın. Düzdür, yenə deyirəm, baş məşqçinin işidir, qarışmaq istəmirəm. Ancaq bizdə Höccətin yerinə oynatmalı bir deyil, iki deyil, çox oyunçu var.

- Estoniya millisi üzərində qələbə olmasa, səncə, millidə hansı dəyişikliklərə ehtiyac duyulacaq? 
- İnanıram və istəyirəm ki, millimiz qələbə qazansın. Belə də olacaq. Ancaq futboldur da, hər şey ola bilər. Məğlub olsaq, Canni De Byazi özü getməlidir. Artıq onu kimsə göndərməməlidir. Məğlubiyyət olsa, istefa verib, çıxıb getməlidir. Estoniyaya uduzsaq da, Canni De Byazi özü gedən deyil. Qalib gəlsək də, uduzsaq da, millidə heç bir dəyişiklik olmayacaq. Amma uduzsaq, özü getməlidir. 

- Bugünkü görüşlə bağlı proqnozun necədir? 
- Hesabı deyə bilmərəm. Amma inanıram və ümidliyəm ki, millimiz qələbə qazanacaq. Deyə bilmərəm ki, hansı hesabla qazanacağıq, amma elə-belə deyim də - 2:0. İstəyərdim ki, daha irihesablı qələbə olsun. Lakin əsas odur ki, qalib gələk. İnanıram.

writer photo
Əlirza Əlirzalı
0