“Şahdağ Qusar”ın futbolçusu Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi
- Bu mövsüm Misli Premyer Liqasındakı rəqabəti necə dəyərləndirirsiz? Favoritiniz kimdir?
- Bu il çempionat maraqlı keçir. Turnir cədvəlinə baxanda aşkar favorit göstərmək çətindir. Çünki “Zirə”, “Səbail”, “Qarabağ” yaxşı performans göstərir. Amma fikirləşirəm ki, sonda “Qarabağ” çempion olacaq.
- “Xəzər Lənkəran”da oynadığınız vaxt əzəli rəqibiniz olan “Neftçi”nin bu mövsüm çempionluq şansını necə görürsüz?
- Bu il “Neftçi”də çox dəyişikliklər oldu. Həm baş məşqçi, həm də heyət dəyişdi. Bəlkə də onlara zaman lazımdır. Ancaq indi görünən odur ki, “Neftçi” hələ çempionluğa hazır deyil.
- Formasını geyindiyiniz “Qarabağ” və “Səbail” haqqında nə deyə bilərsiz?
- Dediyim kimi “Qarabağ” çempionatın favoritidir. Düzdür, həm Avropa Liqasında oynamaq, həm də çempionatda mübarizə aparmaq çətindir. Amma “Qarabağ”ın çempion olacağını düşünürəm. “Səbail” bu il çox yaxşı çıxış edir. Orada da heyətin demək olar ki, çox hissəsi dəyişib. Amma çempionatda çox yaxşı start götürüblər. Məncə, bu tempi qoruyub saxlasalar, Avropa Liqasında çıxış etmək şansları var.
- Bu il 1-ci və 2-ci liqada ümumilikdə 24 komanda oynayır. Say artımı bölgə təmsilçilərinin də çoxalması ilə diqqət çəkir...
- Komandaların sayının artması yaxşı haldır. Həm I liqa, həm də II liqa yaradılıb. Demək olar ki, futbol bölgələrə qayıdır. Bu sevindirici haldır. Çünki, bölgələrdə futbola maraq daha çoxdur.
- Amma uzun illər çıxış etdiyiniz Lənkəranın təmsilçisi yoxdur. Bunu nə ilə izah edirsiz və necə qarşılayırsız?
- Amma Lənkəran komandasının nə I nə də II liqada çıxış etməməsi mənim üçün üzücü xəbər oldu. Əlbəttə, o bölgədə futbol olmalıdır. Çünki mən o bölgədə olmuşam, Lənkəran camaatı futbolla nəfəs alır. Mən bunun şahidi olmuşam. Lənkəran təmsilçisinin hansı səbəbə görə heç bir liqaya buraxılmamasını bilmirəm. Lakin mən çox istəyərəm ki, liqada Lənkəran təmsilçisi çıxış etsin.
- Kapitanı olduğunuz “Şahdağ Qusar”ın II liqadakı çempionluq şansını necə dəyərləndirirsiz?
- “Şahdağ Qusar”ın fəaliyyətə başlaması həm mən, həm də Qusar camaatı üçün sevindirici haldır. Hədəflərimiz böyükdür. Çempion olmaq şansımız var. Doğrudur burada rəqiblərimiz güclüdür, ancaq II liqada çempion olmaq üçün kifayət qədər heyətimiz olduğunu düşünürəm. 1-ci yer üçün mübarizə aparacağıq.
- “Xankəndi” minifutbol komandası yaradılıb. Sizin də bu komandada olmağınıızla bağlı təşəbbüs kimdən gəldi?. Millidəki keçmiş komanda yoldaşlarınızla birlikdə oynamaq necə hiss olacaq?
- Millidəki keçmiş komanda yoldaşlarımla yenidən çıxış edəcəyim sevindirici haldır. Bu ideyanı Əfran İsmayılov təklif etdi. Biz də onun bu təklifinə razı olduq. Bu bizim üçün çətinlik yarada bilər, çünki minifutbolla məşğul olmamışıq. Məşqlərdən də hiss olunur ki, minifutbol tam başqadır. Amma köhnə futbolçu yoldaşlarımızla yenidən bir yerdə oynamağımız çox sevindircidir. Yaxşı nəticələr əldə etməyə çalışacağıq.
- Daim Premyer Liqada oynayan Rahid Əmirquliyev 2-ci liqa haqda nə düşünür?
- Doğrudur həmişə əsas çempionatda oynamışam. Bildiyiniz kimi karyeramı da bitirmişdim, “Səbail”də məşqçi fəaliyyətinə başlamışdım. Ancaq “Şahdağ Qusar”ın yenidən fəaliyyətə başlaması və mənim məşqçim Bəhram Şahquliyevin dəvəti dönüşüm üçün əsas səbəb oldu. Həm bunu özümə borc bildim. Çünki, “Şahdağ Qusar” mənim ilk komandam olub. II liqada oynamaq heç də asan deyil. Həm rəqiblər güclüdür, həm də bəzi stadionlar yaxşı səviyyədə deyil. Bu, bizim işimizi çətinləşdirir. Əminliklə deyə bilərəm ki, II liqa kənardan göründüyü kimi asan deyil.