Rail Məlikov: “Yığmamız gələcəkdə Avstriya kimi komandalara qalib gələcək” - MÜSAHİBƏ
17.10.2023 - 14:44
Rail Məlikov: “Yığmamız gələcəkdə Avstriya kimi komandalara qalib gələcək” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq futbolçusu Rail Məlikovun apasport.az saytına müsahibəsi

- Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya uduzdu. Sizcə, ədalətli nəticə qeydə alındı, yoxsa milli ən azı bir xala layiq idi?
- Təəssüflər olsun ki, millimiz uduzdu. Futbolçularımız yaxşı mübarizə apardı. Belçika ilə Bakıdakı görüşdə görünürdü ki, komandanın potensialı və artımı var. Penaltidən qol buraxdıq. Onu çıxsaq, bu görüşdə 100 faizlik qol epizodumuz var idi. Toral Bayramovun yaxşı imkanı yaranmışdı. Penaltidən qol buraxmasaydıq, qələbə də qazana bilərdik. Bəli, ən azından millimiz bir xal əldə edə bilərdi. Təəssüflər olsun ki, belə alındı. Amma futbolçular sona qədər əzmkarlıq göstərdilər, döyüşdülər, öz oyunlarını ortaya qoydular. Təəssüf ki, heç bir xala da sevinə bilmədik. Halbuki, yaxşı idik.

- Millimizin bu görüşdə uğurlu nəticə qazanması üçün nə çatmadı? Rəqibə hansı komponentdə uduzduq?
- Uğurlu nəticə üçün qol lazımdır. Şansımız oldu, istifadə edə bilmədik. Başabaş oyun getdi. Topa sahib olma faizinə baxsaq, biz Avstriyadan üstün olduq, həm də ötürmələrdə elə idi. Qlobal nəyisə deyə bilmərəm ki, Avstriya bizdən güclü oynadı. Bərabər oyun alındı, hansı komanda qol vursaydı, qalib gələcəkdi. Təəssüf ki, onu da rəqib vurdu. Ola bilər ki, rəqibin futbolçularının ustalıq səviyyəsi yüksək idi, yaxşı klublarda oynayırdılar. Amma buna baxmayaraq, bizimkilər əzmkarlıq nümayiş etdirdilər, hamısı aqressiv görünürdü. Bu oyuna ciddi hazırlaşmışdılar. Avstriyanı millimizdən üstün görmədim.

- Azərbaycan millisi Avstriya ilə yenə bacarmadı. Milli bu rəqiblə cəmi bircə dəfə bərabərə qala bilib, qalan görüşlərdə uduzub. Onlarla niyə bacara bilmirik, qalib gəlmək alınmır?
- Əgər belə sual yaranırsa, demək ki, millidə potensialı görürük. Əvvəllər heç-heçəyə sevinə bilərdik. Düzdür, Avstriya da zəif komanda deyil. Mən də hamı kimi istəyərdim ki, udaq. Sualın özündən də görünür ki, hamı millimizə inanır və Avstriyanı da udmağını istəyir. Hər halda, dünən son pillədə qərarlaşan rəqibə uduzmadıq. Bəli, xal ala bilərdik. Ancaq turnir cədvəlinə baxsaq, qrupda iki hegemonluq edən yığma varsa, biri Belçikadır, digəri Avstriya. Əlbəttə ki, çətin olacaqdı. Ancaq futbolçularımıza da afərin düşür. Elə oynadılar, bizdə də fikir yarandı ki, udmalı idik, niyə uda bilmədik? Avstriya yığmasının oyunçuları hansı klublarda oynayır, bizimkilər hansı komandalarda? Hər şey bəllidir. Ancaq oyun göstərir ki, millimizin potensialı var. Çünki evdə Avstriyaya asanlıqla təslim olmadıq. Aqressivlik, döyüşkənlikdən xoşum gəldi. Hansısa mübahisə düşəndə də, millinin üzvləri kollektiv şəkildə eyni yerə vururdu. Belə  davam edərsə, yığmamız gələcəkdə Avstriya kimi komandalara qalib gələcək.

- Azərbaycan millisi qrupda yalnız Estoniyadan xal ala bilib, dörd xalımız var. Sizcə, daha uğurlu çıxış etmək olardı?
- Dörd xalımız var, amma daha çox ola bilərdi. İndiki oyunumuzu qrup matçları başlayandan göstərsəydik, xallar ala bilərdik. Amma görünür ki, milli indi-indi özünə gəlir. Qarşıda iki oyunumuz qalıb. Belə davam etsələr, artırsalar, gələcəkdə millimizdən daha uğurlu nəticələr gözləyə bilərik. 

- Canni De Byazi deyir ki, bu qrupda kimsə bizim çox xal toplayacağımızı, qrupdan çıxacağımızı gözləyirdisə, futboldan başı çıxmır, futbolu bilmir. Bu fikirlərlə razısız?
- Bu qrupa düşəndə birmənalı heç kim deyə bilməzdi ki, qrupdan çıxacağıq. Futboldan anlayışı olan adi insan da, qrupa baxanda, buradan çıxacağımızı real görmürdü. Amma belə gedişlə, artım baş versə, təbii ki, millimizin qrupdan çıxacağımızı gözləmək olar. Azərbaycanlı və millinin keçmiş futbolçusu olaraq, təbii ki, ən yaxşısını, qrupdan çıxmağını da istəyirik. Amma məsələyə real baxanda, heç kim millinin bu qrupdan çıxacağını gözləmirdi. Lakin işləmək lazımdır. Hər bir insanın düşüncəsi var, amma məncə, qrupu görəndə heç kim deyə bilməzdi ki, buradan çıxacağıq. Doğrudur, daha çox xal toplaya bilərdik. Estoniyanı iki matçda da udardıq, evdə Avstriya və digərlərindən xal alardıq. Mən də, millinin qrupdan çıxmağını real görmürdüm.

- Qarşıda millini İsveç və Belçika ilə son iki görüş gözləyir. Bu matçlarda milli hansı nəticəni göstərə bilər?
- Belçika evdə oynayacaq, matça daha yaxşı köklənəcək. Çünki bu oyunu udaraq qrupu lider kimi başa vurmaq istəyəcək. Bu mənada, millimiz üçün çox çətin olacaq. İstəyərəm ki, yaxşı oyun göstərək, xal alaq. Ancaq çox çətin olacaq. İsveçlə matça gəldikdə, eyni vəziyyətdir. İstəyərdim ki, milli maksimum oynasın və xal götürsün.

- Qəribə məqam odur ki, milli Avropa çempionatına yollanmaq şansını saxlayır. Bunun üçün Yunanıstan və ya Lüksemburq Avropa çempionatına vəsiqə qazanmalıdır. Belə halda, Millətlər Liqasında pley-off görüşü keçirəcəyik. Buna nə dərəcədə real sayırsız? Millimizi buna hazır hesab edirsiz?
- Təki, belə olsun. Millimizi buna hazır hesab edirəm. Son oyunlarımıza baxanda, görürsən ki, potensialımız var. Real nəsə varsa, yığmamız onu da edəcək. Təki, millimiz son görüşlərdəki oyunu, əzmkarlığı yenə göstərsin

writer photo
Əlirza Əlirzalı
0