Azərbaycan milli komandasının sabiq müdafiəçisi, futbol məşqçisi Ramin Quliyev apasport.az saytına müsahibə verib.
- Azərbaycan millisi Monqolustan və Bolqarıstana qarşı oyunlar keçirdi. Həmin matçlarda milli komandamızın performansını necə gördün? Yığma gözlədiyin kimi oynadı?
- Millimizin hər iki oyununu bəyəndim. Monqolustan və Bolqarıstana qarşı yaxşı oynadıq. Milli daha istəkli, daha sərbəst və inamlı görünürdü. Futbolçularımız inamlı hücumlar edirdi. Sadəcə imkanları qola çevirməkdə sonluq çatışmırdı. Monqolustan millisi zəif olsa da, Bolqarıstan daha yaxşı komanda idi. Buna baxmayaraq, millimiz çox inamlı idi və yaxşı da oynadı.
- Milli Monqolustana güc-bəla ilə bir qol vurdu, Bolqarıstan güclü idi, onları da məğlub edə bilmədik. Demək olar ki, yığma yenə eyni durumdadır və Canni De Byazinin gedişi də milliyə kömək olmayıb?
- Baxmayaraq ki, Monqolustana bir qol vurduq, amma yetərincə qol imkanları var idi. Hər halda, Monqolustan bütün komanda ilə müdafiə olunurdu. Canni De Byazinin vaxtından fərqli olaraq, millimiz daha istəkli, ürəkli və sərbəst görünürdü. Həm Bolqarıstan, həm də Monqolustanla görüşlərdə belə idi.
- Arif Əsədov qısa müddətlik də olsa, milliyə baş məşqçi təyin edildi. Səncə, Əsədov millidə qısa müddətdə nəyisə dəyişə bildi? Ona şans verilməlidir, yoxsa düşünürsən ki, yeni baş məşqçi gələcək?
- Qısa müddətdə dəyişiklik görünür. Ən azından istəkli və inamlı Azərbaycan millisi gördük. Arif Əsədov qısa vaxtda nəyisə dəyişə bilib, lakin bu qısa vaxta böyük şeylər edə bilməz. Çünki vaxt azdır. Gələcəkdə kimin baş məşqçi olmasına baxmayaraq, milli komandamıza yalnız uğurlar arzu edəcəyik.
- Son vaxtlar daha çox Elvin Cəfərquliyev intizamsızlığı ilə diqqət çəkir. "Qarabağ"ın "Braqa" və "Bayer"lə görüşlərində qırmızı vərəqə ilə cəzalandırıldı, millinin isə Bolqarıstanla görüşündə isə hakimlərə qarşı hörmətsiz, aqressiv davranışı ilə yadda qaldı. Cəfərquliyevdəki bu hərəkətlər nədən irəli gəlir? Psixoloji gərginlikdəndir, yoxsa "Qarabağ"la avrokuboklardakı uğurlu nəticələrə görə bir az özündənrazılıq yaranıb?
- Elvin çox potensiallı futbolçudur. Deməzdim ki, oyun təcrübəsi azdır. O, artıq təcrübəli futbolçudur. Ona görə də hərəkətlərinə, özünü idarə etməyinə xüsusi fikir verməlidir. Çünki etdiyi hər bir hərəkət tək ona yox, bütün komandanın oyununa təsir edir.
- Azərbaycan millisi Monqolustan, Bolqarıstanla oynadığı vaxtda qonşumuz Gürcüstan Avropa çempionatına vəsiqə qazandı. Onlar Yunanıstanı penaltilərlə keçdilər. Sizcə, niyə gürcülər bunu edə bildi, amma biz edə bilmədik?
- Gürcüstan milli səviyyədə böyük tarixi uğura imza atdı. Deməli, düz yol seçiblər və uğurla davam etdilər. Qaldı ki, bizə... Hələ o uğurlu yolu tapmaqda çətinlik çəkirik, hələ axtarışdayıq. Necə olacaq, nə vaxt olacaq, onu yalnız zaman göstərəcək.
- Ümumiyyətlə, Azərbaycan millisinin də böyük turnirlərə yollanmaq şansının, potensialının olduğunu düşünürsən?
- Bu haqda danışmaq hələ ki, çox tezdir. İlk öncə ora gedəcək yolu tapaq, sonra şanslardan danışarıq. Bu mənada, əsas olan yolu tapmaqdır.
- Üzücü məqam odur ki, legioner həyatı yaşamağa gedən oyunçularımızın əksəriyyəti oynamır - Ramil Şeydayev, Renat Dadaşov, Musa Qurbanlı, Mahir Emrelinin adını çəkmək olar. Səncə, niyə xarici klublar onlara güvənmirlər?
- Adlarını çəkdiyiniz oyunçular çox yaxşı futbolçulardır. Sadəcə komanda seçərkən uğursuzluqlar olur. Ona görə də, xaricə gedərkən daha diqqətli olmalıdırlar. Hər halda, uğurlar arzulayıram. İnanıram ki, getdikləri klubda əsas heyətdə möhkəmlənə biləcəklər.