Rauf Əliyev: "Qarabağ" Juninyodan daha yaxşı futbolçu gətirəcək"
28.12.2024 - 16:54
Rauf Əliyev: "Qarabağ" Juninyodan daha yaxşı futbolçu gətirəcək"

“Qarabağ”ın sabiq hücumçusu Rauf Əliyev apasport.az saytına müsahibə verib.

- "Qarabağ" mövsümün ilk yarısını qış çempionu kimi başa vurdu. Komandanın Premyer Liqadakı performansını necə dəyərləndirirsən? Daha yaxşısını gözləyirdin? 
- "Qarabağ" qış fasiləsinə birinci yerdə gedibsə, demək ki, ən yaxşısını edib. Komandanın liqadakı performansı da yaxşı olub. Onlar həm Avropada, həm də daxili oyunlarda iştirak edirlər. Hər oyuna fərqli-fərqli heyətlərlə çıxırlar. "Qarabağ" üçün heyət fərq etmir, komandanın meydandakı istəyi qələbədir. Daxili çempionatı lider kimi başa vurublar. Demək ki, hər şey yaxşıdır.

- Bəs komandanın avrokuboklarda uğurlu nəticələrinin olmamasını nə ilə əlaqələndirirsən? 
- Avrokuboklar bu mövsüm tam fərqli reqlamentdə keçirilir. "Qarabağ"a yaxşı rəqiblər düşüb. Bəzi oyunlarda heyətdəki itkilər məğlubiyyətə təsir etdi. Şanssızlıqlar da yaşandı. Elə oyunlar var idi ki, "Qarabağ" yaxşı oynadı, amma qol vura bilmədi. Belə matçlar az deyildi. Futbolda elə şey yoxdur ki, hər mövsüm avrokuboklara qatılıb ən yaxşısını etməlisən. Böyük komandalarda da belə olur. Əvvəlki format olanda, ən asan qrupda uduzub çıxan komandalar var idi. Bu da normal haldır. Hər mövsüm yaxşı nəticə verəcəksən deyə bir şey yoxdur. Bəli, bugünkü gündə "Qarabağ" elə vəziyyət yaradıb ki, artıq bütün azarkeşlər, futbol ictimaiyyəti onlardan uğurlu nəticələr gözləyir. Bu da "Qarabağ"ın yaxşı komanda olduğunu göstərir. Hamı onlara inanır. 

- Qışdan sonra “Qarabağ” Avropa Liqasında FKSB və “Olimpiakos”la qarşılaşacaq. Səncə, ağdamlılar bu oyunlarda qələbə qazanıb pley-off mərhələsinə adlaya bilər?
- Hazırda pley-off mərhələsi çətin görünür. Amma "Qarabağ" sona qədər vuruşacaq. Fərqi yoxdur, hansı komandalarla qarşılaşır. Şans olsa da, olmasa da sona qədər oynayacaq. "Olimpiakos" da böyük komandadır. FKSB də ölkəsinin güclülərindəndir. "Qarabağ"a uğurlar arzulayıram.

- “Qarabağ”ın yəqin ki, bu sezon çempionluq uğrunda mübarizədə rəqibinin olmadığını düşünürsən? Səncə, “Araz-Naxçıvan” onlarla mübarizə apara bilər?
- Bu sezon "Qarabağ"a ən yaxın komanda "Araz-Naxçıvan"dır. Həm yerli, həm də legionerlər yaxşı futbolçuları var. Elmar Baxşıyev də yaxşı işlər görür. Əvvəldən də tanıdığı futbolçuları komandaya cəlb etdi. Komanda hazırda da çox yaxşı yerdə qərarlaşıb. Çempionluq məsələsinə gəldikdə, "Qarabağ"la mübarizə aparması çətindir. Ağdamlılara çempionluq uğrunda mübarizə aparacaq komanda görünmür. 

- Juninyonun “Sevilya”ya mümkün keçidi haqda nə düşünürsən? Səncə, onu satmaq lazımdır? Satılarsa, yeni forvard tapmaq mümkün olacaq?
- Juninyo çox yaxşı futbolçudur. O vaxtı liqaya yeni gələndə formada deyildi, hamı fikirləşirdi ki, yanlış transferdir. Amma bir neçə aydan sonra Juninyo artıq özünü göstərməyə başladı. Həm Avropa Liqasında, həm də daxili oyunlarda özünü göstərə bildi. Çox yaxşı keyfiyyətə malikdir. Bunu da meydanda göstərdi. Yaxşı təklif də gəlib. "Sevilya" kimi klubdan təklif gəlibsə, demək ki, oyunçunun səviyyəsi var, yaxşı futbolçudur. Azərbaycan çempionatında oynayırsansa, "Sevilya" kimi klubdan təklif kimə gəlsə, getmək maraqlı olar. Komanda onu saxlasa, amma fikri orada qalacaqsa, ən yaxşısı getməkdir. "Qarabağ"dan İspaniyanın ən böyük klublarından birinə getmək Juninyo üçün daha yaxşı olar. Ağdam təmsilçisi bundan öncə də elə futbolçular gətirib satıb. Gedənin əvəzinə gətirdiyi futbolçu ondan da yaxşı olub. Ona görə də bilmək olmaz, bəlkə "Qarabağ" Juninyodan daha yaxşı futbolçu gətirəcək. Fikrimcə, Juninyo özü də getməkdə maraqlıdır. 

- Son olaraq, yeni sezon legioner limitinin ləğv olunacağı gözlənilir. Səncə, bu daha yaxşıdır, yoxsa yerli oyunçular üçün sıxıntıdır?
- Legioner limitinin yığışdırılması bizim futbol üçün zərbə olacaq. Onsuzda futbolçu qıtlığı var, yerli futbolçularımız klublarında limit var deyə şans qazanır. Limit olmayandan sonra futbolçularımızın şans qazanması çox çətin olacaq, böyük problemlər yaradacaq. Məncə, bu, çox yanlış qərar olardı.

writer photo
Əlirza Əlirzalı
0