Rauf Əliyev: "Molde" və "Hakken"lə səfərdə qazanılacaq xallar çox vacibdir" – Müsahibə
05.10.2023 - 18:03
Rauf Əliyev: "Molde" və "Hakken"lə səfərdə qazanılacaq xallar çox vacibdir" – Müsahibə

Uzun illər "Qarabağ"ın formasını geyinmiş Rauf Əliyevin apasport.az saytına müsahibəsi. 

- "Qarabağ" bu gün "Hakken" önünə çıxacaq. Çoxları Ağdam təmsilçisini bu oyunda favorit görür. Sənin matçla bağlı fikrin necədir?
- "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ilk oyundakı qələbəsi onları bu görüşdə də favorit göstərir. Hər kəs onlara çox inanır. Çünki "Molde" ilə matçda təmsilçimiz əla futbol oynadı, layiqli qələbə qazandı. Lakin hər halda, "Hakken" də İsveç çempionudur. İndi də çempionatda liderlər qrupunda yer alır. Sıradan komanda deyillər. Amma istənilən halda, "Qarabağ"a inam böyükdür.

- "Qarabağ" üçün süni örtüklü meydanda oynamaq hansısa maneə, problem yaratmayacaqki?
- Süni meydançada oynamaq futbolçular üçün çətindir. Amma bizim də çempionatda süni meydançalar var, "Qarabağ" bu cür meydanlarda oynayıb, onlar üçün yad deyil. Hər halda, "Qarabağ" buna öyrəşib. İnanmıram ki, bu məqam komandamıza hansısa problem yaratsın.

- "Qarabağ"ın son vaxtlarda yüksəlişdə olduğunu görürük. Bu mənada, təmsilçimizdən İsveçdə də qələbə gözləməyə dəyər?
- Bəli, "Qarabağ"ın son matçlarda göstərdiyi oyun, nəticələr komandanın yaxşı vəziyyətdə olduğunu deməyə əsas verir. Əslində, bu da gözlənilən idi. Çünki mövsümün əvvəlində istənilən komandada vəziyyət o qədər də yaxşı olmur. Amma zaman keçdikcə, oyunlar oynadıqca, düzəlir. Bəzi adamlar deyirdi ki, "Qarabağ"da eniş var. Ancaq elə olmadığı bilindi. Mövsümün əvvəlində bəzi futbolçular formada olmur, Adaptasiya məsələsi də burada önə çıxır. Ona görə, komanda indi-indi öz gücünü yığıb, oyununu tapıb. "Qarabağ"ın "Hakken"lə görüşdə də yaxşı oyun göstərəcəyinə inanıram.

- Komandanın aparıcı futbolçuları Bəhlul Mustafazadə və Marko Veşoviçin olmaması necə, "Qarabağ"a problem yaradacaq?
- Bəhlul Mustafazadə və Marko Veşoviç "Qarabağ" üçün vacib futbolçulardır, əsas heyətin üzvləridir. Ancaq "Qarabağ"ın həmin mövqelərdə yenə də yaxşı oyunçuları var. Çempionat matçında da gördük ki, futbolçuların hər biri yaxşı vəziyyətdədir. Bu mənada, inanıram ki, onların yoxluğunda meydana çıxacaq futbolçular da çox yaxşı çıxış edəcək.

- Yayda komandaya cəlb olunan Andrey Lunyov barədə fikrin necədir? Demək olar ki, rusiyalı artıq Ağdam klubunun əsas qapıçısıdır?
- Məncə, Lunyov "Qarabağ"a əsas qapıçı kimi transfer edilmişdi. Yeni gələndə ola bilər ki, yaxşı formada deyildi. Amma artıq görünür ki, Lunyov qapıdadır. Əsas qapıçı kimi transfer olunub deyə, elə "Qarabağ"ın bir nömrəsidir. Qapıçı komandanın 50 faizidir. İnanıram ki, onun etibarlı çıxışı da komandaya yaxşı nəticə göstərməyində çox kömək olacaq. 

- "Qarabağ" "Hakken"i səfərdə məğlub edərsə, qrupdan çıxmaq yolunda böyük addım atmış olacaq. "Bayer"lə (Leverkuzen) qrup liderliyi uğrunda mübarizə aparmaq mümkündür?
- "Molde" və "Hakken"lə səfərdə qazanılacaq xallar çox vacibdir. Komanda özü də bunları yaxşı bilir. Hamımız bilirik ki, "Bayer" qrupun favoritidir, çox yaxşı vəziyyətdədir, onları hesaba daxil etmirəm. Çünki Almaniya Bundesliqasında çempionluğa oynayır, indi də liderdir. "Bayer"lə qrupda liderlik mübarizəsi aparmaq çətin ola bilər, əsas odur ki, qrupdan çıxaq. Fikrimcə, "Qarabağ" qrupdan ikinci yerlə çıxsa da, bu çox yaxşı nəticədir. Məncə, birinci və ya ikinci olmaq fərq etmir, əsas odur qrupdan çıxsın komandamız. İnanıram ki, "Qarabağ" bunu gerçəkləşdirəcək.

writer photo
Əlirza Əlirzalı
0