Regekampf: "Bu cür səhvlər etsək, onlar bizi bağışlamayacaq"
27.11.2022 - 18:46
Regekampf: "Bu cür səhvlər etsək, onlar bizi bağışlamayacaq"

"Yaxşı başladıq. İlk hissədə matç bizim nəzarətimizdə idi".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının XV turunun “Səbail”lə görüşündən sonra mətbuat konfransında oyunu dəyərləndirib:

"Bəzi epizodlarda inamlı oynadıq. Bəzən isə tempi dəyişib, daha sürətli oynayaraq qollar vurmalıydıq. İkinci yarıda yenə fərqləndik. Bu qolu vurduqdan sonra növbəti 10 dəqiqə bizim üçün faciəvi keçdi. Bu anlarda heç nə ilə yadda qalmadıq. Beləliklə, rəqibə 2-3 böyük şans verdik. Bu baş verməli deyildi. Komandamızda kifayət qədər keyfiyyətli və səviyyəli oyunçular var. Yaxşıdır ki, 3 xal qazandıq".

O, növbəti turda "Qarabağ"la keçirələcək oyuna da toxunub: "Ağdam klubu ilə oyunda da bu cür səhvlər etsək, rəqib bizi bağışlamayacaq. Ancaq eyni anda da deyərdim ki, futbolçularımız növbəti matçda belə epizodlarda daha peşəkar davranacaqlar. Onlar belə səhvlər etməməlidirlər".

Laurentsiu Regekampf həmçinin komandada müdafiədə problemlərin olduğunu bildirib: "Voyislav Stankoviç zədəlidir. Solomon Kvirkveliya və Azər Salahlı millinin düşərgəsində idi. Mamadu Mbodj isə 10 gün komanda ilə məşq etməyib. Belə amillər təsir göstərir. Sabahdan növbəti matçın hazırlığına başlayacağıq. İnanıram ki, futbolçularım daha inamlı, yaxşı oynayacaqlar".

Qeyd edək ki, “Neftçi” evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0