Rəşad Əzizli: “Geridönüş həmişə şirin olur” - MÜSAHİBƏ
19.09.2023 - 17:59
Rəşad Əzizli: “Geridönüş həmişə şirin olur” - MÜSAHİBƏ

“Qəbələ”nin qolkiperi Rəşad Əzizlinin apasport.az saytına müsahibəsi

- "Qəbələ" Azərbaycan Premyer Liqasının VI turunun "Turan Tovuz" səfərində bərabərə (2:2) qaldı. Qarşılaşmanı sizin üçün uğurlu saymaq olar?
- İlk hissədə topa nəzarət bizdə olsa da, sonluğu gətirə bilmirdik. Rəqib əks-hücumlarda daha sürətli olurdu. İkinci hissənin əvvəlində bir az diqqətsizlik etdik və nəticəsində qollar buraxdıq. Amma buna rəğmən toparlanıb, çətin Tovuz səfərindən bir xalla qayıtdıq. 

- Səncə, qələbə qazanmağınıza nə mane oldu? 
- “Turan Tovuz” müdafiədə çox yaxşı oynayır. Biz daha çox topa sahib olub, müdafiəni yarmağa çalışırdıq. Amma yenə də, son nöqtəni qoya bilmirdik. Tovuz səfəri heç kim üçün asan olmur. Meydança amili də təsir edir. 

- Hər halda, 0:2 hesabı ilə geriyə düşsəniz də, geridönüş etdiniz. Bir xal sizi qane etdi? 
- Hər birimiz oyuna yaxşı köklənmişdik. Özümüz də qələbə haqda düşünürdük. Hər zaman sən istəyən kimi olmur. Məncə, 0:2-dən sonra geridönüş daha şirin olur, nəinki 0:0 olması. Hesabda geri olsaq da, heç məğlubiyyət haqda düşünmürdük. İnanırdıq ki, oyunu “çıxaracağıq”, xal qazanacağıq.

-  Ötən turda "Zirə"yə qalib gəlmişdiniz, bu dəfə "Turan Tovuz"la 2:2 oynadınız. Demək olar ki, "Qəbələ" özünə gəlib və hər şey yoluna düşüb?
- “Qəbələ” hər mövsüm iddialıdır, yüksək pillələr üçün oynayır. İlk turlarda zəif çıxışlarımız bizi çətin vəziyyətə saldı. Bu da normaldır. Əsas olan bu vəziyyətdən komanda olaraq çıxmağa çalışmağımızdır. Yavaş-yavaş vəziyyət düzəlir. 

- "Qəbələ" növbəti turda "Qarabağ"la qarşılaşacaq. Bu görüşdə qalib gəlmək şansınız nə qədərdir?
- “Qarabağ”a qarşı evdə oynayacağıq. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. Qələbə qazanmaq haqda düşünürük. Necə olacağını zaman göstərəcək. 

- "Qəbələ"nin bu mövsüm hədəfi nədir? Səncə, avrokuboklara vəsiqə qazana biləcəksiniz?
- Əlbəttə ki, mümkündür. Turnir cədvəlinə baxanda, iki qələbə qazanıb, daha yuxarı pillələrə yüksəlirsən. İndidən hansı komandanın çempion olacağını, hansı komandanın sonuncu yerdə qərarlaşacağını bilmək olmaz. Son tura qədər mübarizə gedəcək.

- Tez-tez deyirlər ki, bu mövsüm Azərbaycan Premyer Liqası daha gərgin keçir. Səncə, də belədir?
- Bu il belə mübarizənin başlaması AFFA-nın idman prinsiplərinə tam əməl etməsi ilə oldu. Çünki çoxları sonda heç kəsin liqadan düşməyəcəyini düşünürdü. Bu ildən artıq hər kəsə reqlament bəllidir. Ona görə hər tur maraqlı oyunlar olur.

- "Turan Tovuz"la görüşdə bir neçə dəfə qol epizodundan komandanı xilas etdin. Artıq "Qəbələ"nin qapısını ələ keçirdiyini demək mümkündür?
- Bu, məşqçinin qərarıdır. Heyəti müəyyən edən odur. Mənim işim məşqçinin etibarını qazanıb, komandaya kömək etməkdir. Bunun üçün də məşqlərimi davam etdirirəm.
 

writer photo
Əlirza Əlirzalı
0