Rəşad Əzizli: “Şamaxı” kimi 4 klub olsa, millimizdə də futbolçu problemi yaşanmaz” - MÜSAHİBƏ
24.04.2023 - 16:18
Rəşad Əzizli: “Şamaxı” kimi 4 klub olsa, millimizdə də futbolçu problemi yaşanmaz” - MÜSAHİBƏ

“Şamaxı”nın qolkiperi Rəşad Əzizlinin apasport.az saytına müsahibəsi 

-"Şamaxı" "Kəpəz"lə matçda qələbə qazana bilmədi. Matç haqda nə düşünürsən?
- Oyunun çox hissəsi bizim nəzarətimizdə keçdi. Daha çox hücum edən tərəf biz idik. Matça nəzarət tərəfimizdə idi. Sadəcə, sonluğu gətirmək alınmadı.

- Premyer Liqada "Kəpəz"lə matçda komandanın qələbə qazana bilməməsinin səbəbini nədə görürsən? Bir xal sizi razı saldı?
- Məncə, bu oyunda iki xal itirdik. Çatışmayan məqam sonluqdur. Hardasa tələskənlik, hardasa gərginlik bizə mane oldu. Ona görə də üç xal qazana bilmədik.

- Növbəti turda "Sabah" qarşısına çıxacaqsız. Səncə, onları məğlub edə biləcəksiz?
- Hər oyuna final matçı kimi çıxırıq. İstər birinci yerdə, istərsə də sonuncu yerdə olan kluba hörmətlə yanaşırıq. Biz öz oyunumuzu göstərib qalib gəlməliyik. “Sabah”la matça da üç xal üçün çıxacağıq. Ümidvaram ki, hər şey uğurlu alınacaq. 

- Hazırda sonuncu pillədə yer almamaq üçün gərgin mübarizə gedir. Əsas mübarizə də "Şamaxı" və "Səbail" arasındadır. Son pillədə olmamağı bacaracaqsız?
- Düşünürəm və həm də inanıram ki, biz sonuncu yerdə olmayacağıq. Həm çəkdiyimiz əziyyətə görə, həm də göstərdiyimiz oyuna görə bunu deyirəm. Bu gün çempionatda ən gec yığılan komanda biz olmuşuq. Necə çətinlik çəkdiyimizi bilirik və onun bəhrəsini görərik.

- Səncə, birinci diviziona düşməsi, həmin klubun fəaliyyətini dayandırmasına səbəb ola bilər?
- Sonuncu yeri tutan komanda diviziona düşsə, bəli, sponsor imtina edəcək. Bu da normaldır. Çünki onlara gələn il yenidən Premyer Liqaya gəlməsinə təminat verən yoxdur. İkinci məsələ odur ki, futbolda inkişaf olmasını deyiriksə, o zaman biz niyə hər il bir klubu diviziona göndəririk? Yeni komanda gələndə də sıfırdan yaranır və yenə aşağı yuvarlanır. Diviziona da düşəndə futbolçular klubsuz qalır. Çünki maddiyyat Premyer Liqadakı kimi olmur. Bu gün əgər diviziondan da milliyə oyunçu gəlsə, oradakı klubların şəraitləri normal olsa, aşağı-yuxarı Premyer Liqaya oxşasa, bəli, onda idman prinsipləri ilə hərəkət edilsin. Ancaq faktiki olaraq, divizionla Premyer Liqa arasında fərq böyükdür. Ondansa, klublar çoxalsın, yeni-yeni klublar Premyer Liqaya gəlsin. O zaman inkişaf olacaq. “Şamaxı”nın strategiyası ilə 30 azərbaycanlı futbolçu, 6 gənc məşqçi üzə çıxdı. Bu cür 4 klub olsa, millimizdə də futbolçu problemi yaşanmaz, azərbaycanlılar daha çox olar.

- Bu mövsüm stabil oynasan da, milli komandanın heç toplanışına dəvət edilməmisən. Bir dəfə də olsun, şans verilə bilərdi, yoxsa millinin qapısını üzünə bağlı olduğunu düşünürsən?
- Millinin son toplanışı üçün Canni De Byazidən dəvət gözləyirdim. Amma olmadı, istənilən halda baş məşqçinin qərarına hörmətlə yanaşıram. Yenə də millidən dəvət gözləyirəm. Mənim də ən böyük arzum millinin formasını geyinməkdir, şərəfdir. O formanı qazanmaq və haqqını vermək lazımdır.

writer photo
Əlirza Əlirzalı
0