Rəşad Sadıqov: "Qarşılaşmaya fərqli ab-havada hazırlaşmaq istəyərdik"
28.08.2024 - 18:24
Rəşad Sadıqov: "Qarşılaşmaya fərqli ab-havada hazırlaşmaq istəyərdik"

"Nəticənin pozitiv olması üçün əlimizdən gələni edəcəyik"

Apasport.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprin "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Baş məşqçi ilk matçda böyükhesablı məğlubiyyətə baxmayaraq, cavab qarşılaşmasına ciddi hazırlaşdıqlarını bildirib:

"İlk görüşdə böyük hesabla uduzduq. Fərqli ab-havada bu qarşılaşmaya hazırlaşmaq istəyərdik. Nəticənin pozitiv olması üçün əlimizdən gələni edəcəyik. Qələbə bizim üçün vacibdir. Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm".

Sadıqov ötən həftə ardıcıl məğlubiyyətlər aldıqlarını və futbolda bu cür nəticələrin olduğunu söyləyib:

"Futbolda hər şey gözlədiyimiz kimi olmur. Kiprdə ən uğursuz matçımızı oynadıq. Buraxdığımız qollara baxanda həyəcan, məyusluq və sair görünürdü. İstər-istəməz məyusluq var. Sabahkı oyuna köklənəcəyik. İlk görüşdəki nəticəni unutdurmağa çalışacağıq".

Mütəxəssis Ağdam təmsilçisinin bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə keçirəcəyi cavab oyununda şanslarını dəyərləndirib:

"Vacib olan Xorvatiyadakı oyunu təkrarlamaqdır. "Dinamo" bu gün necə çıxış edəcək? Bundan da çox şey asılıdır. "Qarabağ"a uğurlar arzulayıram. Azarkeşlərin komandaya inamı və güvənməsi önəmlidir", - deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, avqustun 29-da "Dalğa Arena"da təşkil olunacaq "Zirə" - "Omoniya" görüşü saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda "Omoniya" 6 cavabsız qolla qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0