Rəşad Sadıqov: "Rəhimi cəzalandırmaq barədə düşünəcəyəm" - VİDEO
20.12.2022 - 22:04
Rəşad Sadıqov: "Rəhimi cəzalandırmaq barədə düşünəcəyəm" - VİDEO

Azərbaycan Kubokunun 1/4 finalının "Neftçi" – "Zirə" oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransına çıxıb.

Apasport.az-ın məlumatına görə, o əvvəlcə oyun barədə fikirlərini çatdırıb:

– 120 dəqiqə maraqlı futbolun şahidi olduq. Birinci hissə baxımlı olmasa da, aqressiv futbol var idi. İkinci yarıda oyun çox dəyişdi, baxımlı və sürətli oyun izlədik. Hər iki komanda mərhələ keçməyə layiq idi. "Neftçi"ni təbrik edirəm, uğurlar arzulayıram. Aydın məsələdir ki, dünən "Qarabağ" və "Sabah"ın kubokdan kənarda qalması "Neftçi" üçün yaxşı motivasiya idi. Biz də istəyirdik ki, yarımfinala adlayaq. Amma rəqib qol epizodlarından maksimum istifadə etdi. Nə vurdular, qol oldu. Bizim qol epizodlarımız oldu, fərqlənə bilərdik, alınmadı.

– Sizcə, müdafiədə daha çox oynadınız?
– Açıq futbol oynadıq. İkinci hissədən ibarət belə çıxış etdik.

– Rəhim Sadıxovla Hamidu Keyta arasında nə baş verdi?
– Mən gələndə sakitçilik idi.

– Rəhim penaltini vurmaq istəyirdi?
– Rəhimi məhz penaltiyə görə əvəzlədim. Bizdə iki penalti vuran var. Birinci Keytadır. O özünə inanmasa, Rəhim vura bilər. Aralarında penaltini bölüşdürə bilmədilər. Bu hal xoşuma gəlmədi. Çox pozitiv idim, çünki baxımlı futbol gedirdi. Olmasa da, futbolçulardan razı idim. Bu mübahisə məni məyus etdi.

– Hamidu ikinci dəfə qaçırdı penaltini...
– Ola bilər. Bəlkə bundan sonra da yenə qaçıracaq. Rəhim və Təmkin Xəlilzadə də yaxşı vurur. Penalti elədir ki, bir çoxları qaçırır. Futbolçu səhv etsə də, özünə yenə güvənməsi yaxşıdır. Penaltini Keyta reydi ilə qazandı.

– Rəhimə cəza veriləcək?
– Düşünəcəyəm. 

– "Neftçi" azarkeşləri sizi sonda xoş qarşıladı. Bu, gözlənilməz oldu?
– Çox xoş idi. "Neftçi" azarkeşləri karyeramda böyük rol oynayıblar. Böyük futboldakı ilk addımlarımı burada atmışam.  Burada püxtələşmişəm. O illərdə "Neftçi" azarkeşlərinin sevgisi və dəstəyi olub. "Neftçi" və "Qarabağ" azarkeşlərinin həyatımda xüsusi yeri var.

– Əsas favoritlərin kubokdan getdiyi məqamda mübarizəni dayandırdınız. Buna görə təəssüflənirsiniz?
– Kubok oyunları elədir ki, kimi dayanır, kimi davam edir. Masa üzərində hansısa rəqib zəif görünür. Amma hər şey ola bilir. 3-cü dəfədir ki, "Neftçi" ilə qarşılaşırdıq. 2 dəfə biz keçmişdik. 2 dəfə əvvəl keçdiyin komandanı sonra keçmək çətindir. Çünki rəqib motivasiya ilə çıxır. Futbolçular özlərinə və futbol camiəsinə nəsə göstərmək istəyirlər. "Neftçi" istəkli idi. Azərbaycan futbolu bu gün qazandı. Biz də qalib gələ bilərdik. 2 il biz keçmişdik, bu il onlar keçdi. Önümüzə baxacağıq.

– Rəhim bu mövsüm fərqli mövqelərdə oynayıb...
– Transfer etdikdə o mövqe üçün planlaşdırmırdım. Müəyyən itkilər, zədələr oldu. Ondan daha çox hücumçu kimi istifadə etdik. Bu gün solda başladı. İlk oyunla müqayisədə oyun planında heç nə dəyişməmişdi. Rəhim universsal futbolçudur. Hücumçu transfer etmək istəyirəm. Zədəlilərimiz çox olur. Neçə matçdır ki, hücumçusuz oynayırıq. Meydana buraxmağa hücumçu yox idi. Əsəbləşdim Rəhimə, ona görə Toni Qomislə dəyişdim.

writer photo
Əlirza Əlirzalı
0