Rəşad Sadıqov: "Rəqibin verdiyi açıqlamalar bizdə əlavə narahatlıq yaradırdı"
24.04.2024 - 19:35
Rəşad Sadıqov: "Rəqibin verdiyi açıqlamalar bizdə əlavə narahatlıq yaradırdı"

"Zirə" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab görüşündə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Apasport.az xəbər verir ki, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. İlk matçın son dəqiqələrində buraxdığımız qol rəqibə əlavə motivasiya verirdi. Rəqibin geridə qalan üç həftə ərzində verdiyi açıqlamalar da, bizdə əlavə narahatlıq yaradırdı. Maksimum konsentrasiya olmağa çalışdıq. Çünki bu tip oyunlarda ən vacibi oyuna köklənməkdir. İlk dəqiqələrdən futbolçularımda böyük diqqət və intizamı hiss edirdim. Yaxşı da başladıq. Bilirik ki, Kaxaber Tsxadadze arxadan oyun qurmağı, topa nəzarət etməyi sevir, kombinassiyalı futbola üstünlük verir. Biz də çalışırdıq ki, pressinq tətbiq edək və onlara hücum qurmaqda problem yaradaq. Müəyyən səviyyədə alınırdı, hardasa da rəqib pressinqdən çıxırdı. İkinci yarıda hücum xəttinə daha gümrah oyunçuları əlavə edib, nəticəni öz xeyrimizə çevirmək istəyirdik. Şükür Aılaha, alındı. Vladislav Kulaç gözəl zərbə vurdu, Rafael Utziq də baxımlı qola imza atdı. Bu da bizi sevindirir. Çox güc sərf etdik. Dörd gündən sonra mövsümün bəlkə də ən vacib oyunu gözləyir. Məcburuq ki, kubok matçını tez unudaraq çempionat görüşünə köklənək.

- Böyük ehtimalla finaldakı rəqibiniz "Qarabağ" olacaq. Belədə, kuboku qazanmaq xəyalınız çətinə düşmür?

- Məqsəd, hədəf var. Hər bir komanda mövsümü titulla başa vurmaq istəyir. Xüsusilə də, bu mövsüm. Biz də istəyərdik ki, mövsümü titulla başa vuraq. Çünki finala qədər ağır yoldan keçdik. Yeganə komandayıq ki, 1/8, 1/4 və yarımfinalda yüksək liqa klubu üzərində qələbə qazanmalı olduq. Çətin yoldan keçmişik. İstəyərdik ki, finalda da qazanan tərəf biz olaq. Rəqibimiz bu gün məlum olacaq. İndi final haqda düşünmək düzgün olmazdı. Dörd gündən vacib oyunumuz var. Kuboku kənara qoyub, çempionat barəfə düşünəcəyik. Rəhbərliyin qarşımıza qoyduğu bir hədəf var, avrokuboklara düşmək. İstər kubok, istərsə də çempionat yolu ilə. İstəyirik ki, düşək. Amma çempionat elə keçir ki, "Neftçi" üzərində qələbə qazanırsam, amma digər tərəfdən rəqiblər də üç xal əldə edir. Hansısa üstünlük yarada bilmirsən. Görünən odur ki, bizi çox gərgin sonluq gözləyir. Qarşıdakı oyunları fikirləşirik. Hansısa yanlış davranış bizə ciddi problem yarada bilər. Bir aya çempionatda beş oyun var. Onları düşünürük.

writer photo
Əlirza Əlirzalı
0